Главная > Maraqlı > Yurd yerlərimiz - “Qasımlı kəndi”

Yurd yerlərimiz - “Qasımlı kəndi”


18-10-2022, 12:52. Разместил: admin44


Yeni kitablar

Həmyerlimiz Mehdi Fəyyazlının bu il nəşr olunan “Qasımlı kəndi” (birinci və iknci hissə)  kitablarında Masallı rayonunun  Qasımlı kəndinin tarixi keçmişi, tayfaları, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) iştirakçıları, represiya qurbanları, Böyük Vətən müharibəsi, Birinci və İkinci Qarabağ şəhidləri, döyüşçüləri, qaziləri, ziyalılar, şairlər, tibb işçiləri və digər sahələrin fəal insanları barədə dolğun məlumatlar verilmişdir.

Yurd yerlərimizi öyrənmək çox vacib məsələdir. Doğulub boya-başa çatdığın yurd haqqında bildiklərimiz gələcək nəslə çatdırılmalıdır ki, tarix yazılsın və yaşasın.
Müəllif İmam Əlidən sitat gətirir: Ey insanlar, hər kəs nə qədər dövlətli, imkanlı olsa belə öz nəslinə, kökünə möhtacdır.

Çox müdrik fikirdir. Əsli-nəsli bilinməyən tayfalarla qaynayıb qarışanda həyatda çox fəsadlar yaranır.
Bu mənada “Qasımlı kəndi” kitabı dəyərlərinə, məziyyətlərinə görə digər nəşrlərdən seçilir.

Toponimçi kimi araşdırma aparan müəllif Qasımlı kəndində müxtəlif  tayfaların tarixi, burada ilk olaraq hansı tayfaların məskunlaşması, inkişafı ilə bağlı mübahisəli fikirlərə aydınlıq gətirmiş, bir çox məsələlərin həllində elmi mülahizələrini verə bilmişdir. Müxtəlif mülahizələrə istinad edən müəllif göstərir ki, kəndin əsasını İranın Ərdəbil vilayətinin Nəmin şəhərindən gəlmiş Qasım, İbrahim və İsmayıl, Yarəhmədlilər Sərab mahalından gəlmiş Yarəhməd və atası Qasım tərəfindən Əkbərin atası Məşədi Qasım, Qarayusiflilər isə Gürcüstanın Qasımlı kəndindən gələnlər tərəfindən qoyulduğunu bildirirlər.

Müəllif qeyd edir ki, “Qasımlı kitabı II”-ni yazmaq fikrinə düşdüm və bu nəşrdə daha geniş və dəqiq məlumatlar toplamağa nail oldum. Eyni zamanda mərhum akademik Ziya Bünyadovun bu fikrinə əsaslanaraq bu sanballı əsəri yazmaq həvəsinə düşdüyünü bildirir.

Böyük alimin dedikləri də Həzrət Əlinin fikirləri ilə üst-üstə düşür. Mehdi Afiq oğlu Fəyyazlinin qələmə aldığı 2 cildən ibarət olan “Qasımlı kəndi” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi tədqiqatçı-tarixçi İldırım Şükürzadə 21 yaşlı gənc tədqiqatçının kitabını çox uğurlu sayır. İldırım müəllim qeyd edir ki, kitabda Qasımlı kəndinin ilk əsasını qoyanlardan – Səfəvi sülaləsindən olan Qasım Mirzə Toğrul oğlu haqqında arxiv sənədləri əsasında verdiyi ətraflı məlumat və tarixi faktlar diqqəti cəlb edir.
AJB-nin üzvü, publisist-yazıçı, biologiya üzrə Fəlsəfə doktoru Sabir Abuşoğlu müəllifə uğurlar arzulayaraq yazır ki, gənc tədqiqatçı böyük məsuliyyət tələb edən mövzuya müraciət etmişdir.

Yüksək müşahidə qabiliyyəti, gərgin axtarışları, müəllifə nailiyyət qazandırmışdır. Müəllif kəndin Qasımlı adlandırılmasının səfəvi soyundan olan Qasım Mirzə Toğrul oğlunun bu torpağa gəlişi ilə əsaslandırır. Qasım Mirzə Toğrul oğlu 1702-ci ildə ərdəbildə anadan olmuş, qardaşı Tağı Mirzə Toğrul oğlunun əmisinin adı ilə Hüseyn Hacı İsmayıl Mirzə oğludur. (1681-1765). Səfəvi soyundan olan Hüseyn və oğulları Nadir şahın zülmündən qaçıb bir müddət Talış mahalında yaşamış, sonra bu ərazilərə istinadən yazır ki, hazırki Hüseynhacılı və Qasımlı kəndlərinin əraziləri Talış xanı Seyid Cəmaləddin  (Qara xan) tərəfindən 1744-cü ildə Hüseyn və qardaşı oğullarının torpaq sahəsi kimi verilmişdir. 1760-cı ildən Qasımlının adı rəsmi sənədlərdə Hüseynhacılı kəndi olaraq yazılmışdır.

Lənkəran qəzasının Hüseynhacılı kənd icmasına Qasımlı, Tağılı və Ətcələr kəndləri də daxil edilmişdir. Bu, 1886-cı ilə təsadüf olunur. Müəllif Qasımlının Sovetlər dövründə, müstəqillik illərindəki inkişafından yazmış, kəndin adını  ucaltmağa çalışanların hər biri haqqında qısa məlumatlar verməyə səy etmiş, sosial obyektlərin şəklini vermişdir.
Qasımlı toponimi haqqında qəti fikir söyləmiş M.Fəyyazlı Qasımın şəxs adı, “lı”nın isə mənsubiyyət səkilçisi olduğunu bildirir. Qeyd edir ki, Qasımlı kəndi adına respublikamızın Ağdam, Masallı və Gədəbəy rayonlarında rast gəlinir.

Kitabda bəzi nöqsanlara və orfoqrafik xətalara rast gəlinir. Lakin “Qasımlı kitabı I-II” bunlarla dəyərini itirmir. Arzu edərdik ki, rayonun başqa kəndləri barədə də belə kitablar işıq üzü görsün.




İbrahim ŞÜKÜROV,
AJB-nin üzvü.



"Yeni həyat" qəzeti,
 www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад