Главная > Maraqlı > Murdarlıq

Murdarlıq


5-11-2022, 13:40. Разместил: admin44

Xalq artisti Arif Babayevin ölüm xəbəri çıxdı!

Sosial şəbəkədə, elektron saytlarda yayılan bu informasiyanı eşidənlərin hamısı  dərin təəssüf hissi keçirdi, kədərləndi...

Hamının ürəyindən eyni hiss keçdi:

Azərbaycanın Məcnun rolunun gözəl ifaçılarından biri haqq dünyasına köçdü...

Bir də onun canlı ifasında  "Can Qarabağım" mahnısını eşidə bilməyəcəyik!

Bir də  dünyaya  nə vaxt Arif  Babayev təki ustad sənətkar gələcək!

Gələcəkmi?

Xeyli əvvəl Xalq artisti Zeynəb Xanlarova haqqında da belə xəbər çıxarmışdılar.

Onda da qeyri-adi ifaçılarımızdan birini, səhnəmizin ən gözəl Leylisini  itirməyimizdən kədərlənmişdik.

Hər iki sənətkar ecazkar səsə, yüksək səhnə  və ifaçılıq mədəniyyətinə malik olmaqla Azərbaycan mədəniyyəti və musiqisinin dünyada tanıdılmasına da böyük töhfələr  veriblər.

İnsan kimi sadə, xoş xasiyyətli, xeyirxah, heç kəsə pislik etməyən, əksinə, əl tutan,  çörək verməyi bacaranlardır.

Heç biri heç vaxt heç kəsin arxasınca danışmayıb, reytinq naminə  süni qalmaqal yaratmayıb!

Kimsəyə də pislikləri dəyməyib.

Belədə bu nə xəbərçilikdir?

Bu nə "zarafat"dır?

Bu nə oyunbazlıqdır?

Görün insanlar nədən zövq alırlar!

Görün insanlar başqalarının ölüm xəbərini çıxarmaqdan necə ləzzət alırlar!

Bağışlayın, səhvən "insan" sözünü işlətdik!

İnsan olan kəs belə işlə məşğul olmaz!

İnsan olan kəs yalan  ölüm xəbərini yayıb,  bundan  sevinc hissi keçirməz!

***

Saytlar isə  ağına-bozuna baxmadan, faktın dəqiqliyini yoxlamadan bu tip  xəbərləri  tirajlayırlar!

Nədi-nədi "sayta giriş" çoxalsın!

Nədi-nədi qabağa düşüb lov xəbəri tez hamıya çatdırsınlar!

Bəs jurnalist dəqiqliyi, bəs jurnalist vicdanı!

Hansı birimizin doğması haqqında belə yalan xəbərlər çıxarılsa, xoşumuza gələr?!

Görün "giriş sayını" süni şəkildə  artırmaq üçün necə bir  "uğurlu üsul" tapıblar!

Hadisənin məkanını qəsdən göstərmədən insanların aldadılması da çoxişlənən üsula çevrilib:

"Sabiq baş nazirə sui-qəsd edildi" - yazaraq daha bir sensasiya  yaradırlar.

Dərhal narahat oluruq, sayta girib oxuyuruq.

Məlum olur ki, hadisə Azərbaycanda deyil, Pakistanda baş verib!

Eyniadlı insanların başına gələn hadisələrdə də qəsdən belə "mövqe" sərgiləyirlər.

"Filankəs avtoqəzada dünyasını dəyişdi!"

 Oxuyanda  görürsən ki, bu hamının tanıdığı  həmin insan deyil,  eyni ad və soyadın  daşıyıcısıdır!

***

Xeyli vaxt sərf edərək  lüğətləri vərəqlədik.

İnsanlara doğmalarının, cəmiyyətdə tanınmış adamların yalançı ölüm xəbərini  çatdıranlara nə ad verildiyini öyrənmək istədik!

Dilimiz zəngin olsa da, hələ  belələrinə  ad tapılmayıb.

Çünki xalqımız bəd xəbər verməyi, mərdiməzarlıq etməyi sevmir.

Azərbaycan xalqı heç zaman heç kəsə doğmalarının  itkisini, ölümünü arzulamır!

Çünki Allahdan qorxur!

Əslində  belə əməllərin bir adı var:

MURDARLIQ!

BƏLKƏ DƏ RƏZİLLİK!



Bəxtiyar SADIQOV,
"Azərbaycan" qəzetinin Baş redaktoru.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад