Главная > Maraqlı > 9 noyabr-Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür
9 noyabr-Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür4-11-2022, 14:36. Разместил: admin44 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edir. Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Azərbaycan xalqı ötən əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir. Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.", deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir. Görkəmli dövlət xadiminin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibəti, milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Dövlət başçısı 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamışdır. Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Bir neçə ildir ki, müstəqil Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində, Cocuq Mərcanlı və Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanırdısa, bu gün artıq Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və düşmənlərdən azad edilmiş digər torpaqlarımızda da dalğalanır. Hər gün yeni bir ünvana sancılır. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan, üç rəngli bayrağımız daima iftixarla dalğalansın! Ceyhun Hüseynov, Masallı şəhəri "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |