Главная > Maraqlı > Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçidə səfərdə olmuşdur

Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçidə səfərdə olmuşdur


4-11-2022, 22:29. Разместил: admin44

Oktyabrın 31-də Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirildi. Görüşdə  Azərbaycan-Emənistan arasında münasibətlərin normallaşması məsələləri müzakirə olundu. Yekunda bəyanat qəbul olundu.          
Bəyanatda qeyd olunub ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğunu tərəflər təsdiq edir. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq əldə olundu.
         
Soçi görüşünün yekun bəyanatı Azərbaycan Prezidentinin mövqeyinin orada əsas rol oynadığını göstərir. Bəyanatda Qarabağ haqqında bir kəlmə belə yoxdur. Bu görüşün normallaşma prosesində irəliyə doğru addım olduğu haqqında birmənalı cavab vermək mümkünsüzdür. Amma görüş göstərdi ki, Ermənistanın müttəfiqliyi situativ xarakter daşıyır, Paşinyan tamamilə asılı vəziyyətdədir. Azərbaycan isə görüşü kimin təşkil etməsindən asılı olmayaraq, azacıq sülh işartısı olduğu halda həmin danışıqlardan qaçmır və qaçmayacaq: "Azərbaycan bütün danışıqlara özünün irəli sürdüyü, beynəlxalq normalara dayanan 5 şərtlə gedir. Bizim üçün Qarabağ məsələsi həll olunub. Prezident İlham Əliyev indiyədək apardığı bütün danışıqlarda olduğu kimi, Azərbaycanın maraqlarına cavab vermədiyi halda belə danışıqları neytrallaşdırmağı, yaxud öz lehimizə çevirməyi çox uğurla bacarır.
             
Qeyd etmək olar ki,  Azərbaycan hər zaman olduğu kimi, haqlı mövqelərini davamlı olaraq mökəmləndirərək, Ermənistan isə regionda gərginliyə səbəb olacaq yanlış addımlar ataraq Soçi görüşünə gedib. Azərbaycan Ermənistana sülh bağlamaq üçün şərtlər irəli sürüb və bu təkliflər üzrə addımlar ataraq yekun sülh sazişini imzalamaq olardı. Amma Ermənistanın davranışları yekun sülh sazişini imzalamaqdan yayınmaq istədiyini göstərdi. Ona görə də özünə kənarda dəstək axtarır, israrla ATƏT-in Minsk qrupunun yenidən reabilitasiyasına çalışır. Çünki ATƏT-in Minsk qrupu vaxtilə Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılmasına xidmət edən fəaliyyət göstərirdi.Minsk qrupu bu gün də onlar üçün xilaskar rolunu oynaya bilər. Bundan başqa, Paşinyan ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasının çağırılmasına nail oldu. Amma bu toplantıda da Azərbaycanın yüksək ehtirama, hörmətə layiq olduğunu gördü. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko açıq şəkildə bildirdi. Paşinyanın ortaya qoymuş olduğu məsələlərə də ironik yanaşaraq onun qəribə suallar verdiyini dedi.
         
Eyni zamanda bu görüş 2020-ci il 10 noyabr tarixli birgə bəyanatın imzalanmasının ikinci ili ərəfəsinə təsadüf edirdi. Ötən ilin noyabrında Soçidə sayca üçüncü sənəd, ilin əvvəlində isə Moskvada daha bir sənəd imzalanmışdı. Rusiya Prezidenti bildirdi ki, imzalanmış sənədlərdə ifadə olunmuş  şərtlərə nə dərəcədə əməl olunması vacibdir.
           
Görüşün nəticəsi olaraq təqdim olunan bəyanatda nə Qarabağ ifadəsi işlədildi, nə də Azərbaycan ərazisində yaşayan ermənilərin statusu məsələsi qabardıldı. Bu da ona dəlalət edir ki, vəziyyəti normallaşdırmaq üzrə proseslər Azərbaycanın irəli sürmüş olduğu təkliflər üzrə getməkdədir. Bir sözlə, Soçi görüşü əhəmiyyətli oldu, çünki əsas diqqət əldə olunmuş razılaşmaların şərtlərinə əməl olunmasına yönəldilmişdir.



Ülvi Rüfullayev,
Binə Xocavar kəndi




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад