Главная > Maraqlı > 8 Noyabr Zəfər günüdür

8 Noyabr Zəfər günüdür


8-11-2022, 22:35. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü bu il noyabrın 8-də ikinci ildir qeyd ediləcəkdir. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.

Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulmuşdur. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan ağır cinayət aktları həyata keçirilmiş, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər qətliam əməlləri törədilmişdir.Ermənistan rəhbərliyi cəzasız qalmasından istifadə edərək, sülh prosesini birdəfəlik pozmağa cəhdlər göstərmişdir. Bu məqsədlə 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribatlar törədilmişdir.

Həmin təxribatlara cavab olaraq Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxarmışdır. Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut etmişlər ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa və ədalətli sülh əldə etməyə hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, Ermənistan müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” iddialarını səsləndirməsi, digər bəyanatlar və hərəkətlər işğalçı dövlətin rəhbərliyinin əsl niyyətlərini üzə çıxarmışdır. Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.
         

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur. 8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir.



Fikrət Yaqubzadə, 
Masallı rayonu, Babaküçə kəndi.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад