Главная > Maraqlı > Prezident İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmişdir

Prezident İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmişdir


13-11-2022, 19:40. Разместил: admin44

11 Noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə baş tutan Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmişdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər etməsini, Aprel ayında Özbəkistanda dövlət səfərində olması və sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirak etməsini diqqətə çatdırmışdır. İlham Əliyev bildirmişdir ki, bu gün yenidən Səmərqənd şəhərində olmaqdan çox məmnundur.

 Bu səfərlər zamanı Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanı olan ölkə başçısı əldə edilmiş nailiyyətlər münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və qardaş özbək xalqını təbrik etmiş və Azərbaycan-Özbəkistan əlaqələrinin daha da yüksək səviyyəyə qalxacağını qeyd etmişdir.

 Prezident İlham Əliyev qardaş ölkə Türkiyəyə bir il ərzində təşkilatımızda uğurlu sədrlik münasibətilə təşəkkür etmiş, qardaş Özbəkistana sədrliyi dönəmində uğurlar arzulamışdır.

 Ölkə başçımız çıxışında qeyd etmişdir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.

  Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə  alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

 Prezident İlham Əliyev bildirmişdir ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

 Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.

Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.

Ölkə başçısı İlham Əliyev çıxışda vurğulamışdır ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın  dilimizi, ənənələrimizi,  mədəniyyətimizi  qoruyub  saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.

  Prezident İlham Əliyev cənabları fəxr hissi ilə onu da qeyd etmişdir ki, bu ay Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

 Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

 Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub.

 Ölkə başçımız digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etmiş, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirmişdir. Onu da qeyd etmişdir ki, bu Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.

Çıxışının sonunda Prezident İlham Əliyev Özbəkistanı bu Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik etmiş, türk dünyası xalqlarına sülh, rifah, xoşbəxtlik arzulamışdır.

 

Nuranə Muxtarova,
Masallı Gənclər Evinin metodisti



"Yeni həyat"  qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад