Главная > Maraqlı > 22 noyabr ədliyyə işçilərinin peşə bayramı bu il də xalqımızın şanlı qələbəsi ilə ikiqat sevinc hissi ilə qeyd olunur
22 noyabr ədliyyə işçilərinin peşə bayramı bu il də xalqımızın şanlı qələbəsi ilə ikiqat sevinc hissi ilə qeyd olunur18-11-2022, 13:26. Разместил: admin44 |
Zəngin və keşməkeşli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 104 il ötür. Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlayıb. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilib, funksiya və səlahiyyətləri müəyyən edilib. Azərbaycan ədliyyəsinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır. Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu artmışdır. Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün-22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsdiq edilmişdir. Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətdə yeri və rolu artmış, Azərbaycan Ədliyyə sistemi yeni, müasir inkişaf mərhələsinə qədəm qoymuşdur. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz cəmi 44 günə düşməni məğlub etməyə nail oldu və xalqımız 30 il həsrətində olduğu doğma torpaqlarına qovuşdu. Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsinə ölkəmizin ədliyyə işçiləri də öz töhfələrini veriblər. Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub. Bundan başqa ədliyyə işçiləri ordumuzla həmrəylik nümayiş etdirərək hərbiçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrin Yardım Fonduna və “Yaşat” Fonduna əmək haqlarından könüllü vəsaitlər köçürüblər. İşğaldan azad olunan doğma torpaqlarımızda hazırda bərpa və quruculuq işləri aparılır. Həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri də qarşıda duran ən ümdə vəzifələrdəndir. Bununla əlaqədar dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi üzrə 01.11.2020-ci il tarixli əmrlə kompleks tədbirlər müəyyən olunub, o cümlədən ədliyyə nazirinin rəhbərliyi ilə Qərargah yaradılıb, zəruri təşkilati işlər görülüb. İşğaldan azad edilən ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili və ədliyyə orqanlarının işinin əlaqələndirilməsi məqsədilə Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb. Bu gün Azərbaycanın hər bir vətəndaşı ölkəmizin qazandığı parlaq qələbə və tarixi nailiyyətlərlə fəxr edir, qürur hissi keçirir. 22-noyabr ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə həmkarlarımı təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində yeni-yeni nailiyyətlər arzulayıram. Aqil Salmanov, Lənkəran Regional Ədliyyə İdarəsinin aparıcı məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |