Главная > Maraqlı > Müharibə dövründə xalq birliyi

Müharibə dövründə xalq birliyi


9-12-2022, 14:14. Разместил: admin44

2020-ci ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bir daha təsdiqlədiki, vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Xalqımızın tarixin bu sınağından alnıaçıq, zəfərlə çıxması məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılıq idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.
     
Müharibə günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoymuşdular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmirdilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərirdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir.
       
Müasir dünyamızda sosial şəbəkələr fərdlərin yeni sosiallaşma mühiti kimi ən spesifik məkan sayılır. İkinci Qarabağ müharibəsi dövründə müharibə həm də sosial şəbəkələr vasitəsilə informasiya cəbhəsində gedirdi. Azərbaycan gəncləri haqq səsimizi dünyaya çatdırmaq üçün yorulmadan, ardıcıl surətdə bir çox kampaniyalar aparır, müxtəlif həştəqlərdən istifadə edərək erməni terrorunu, vandalizmini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı..
       
Azərbaycan xalqı humanist, sülhsevər xalqdır. Biz hər zaman torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olmuşuq. Lakin xain düşmənin təxribatları və iftiraları buna imkan vermədi. Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda, bu müqəddəs savaşda böyük zəfərlə bizləri sevindirdi.
     
44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan Ordusunun gücü və əzmi imkan verdi ki, torpaqlarımız işğaldan azad olunsun. Biz bu möhtəşəm qələbəyə igid şəhidlərimizin, qəhrəman qazilərimizin canı və qanı bahasına nail olduq. Bu gün vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımız dövlətimiz və Ali Baş Komandanımız tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə "Yaşat" Fondu yaradılıb. Bu Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi missiyasını həyata keçirir. Bununla yanaşı, hər bir vətəndaşımız, soydaşımız hərbçilərimizə, şəhid ailələrinə, qazilərimizə bacardıqları qədər arxa-dayaq olmağa çalışırlar.

Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşmiş və otuz illik həsrət artıq sona çatmışdır. Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən şanlı Azərbaycan Ordusuna eşq olsun!



Natiq Vəlişov,
Masallı Dövlət Regional Kollecin müəllimi




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад