Главная > Maraqlı > Məsuliyyət

Məsuliyyət


26-12-2022, 11:46. Разместил: admin44

Gəlin düşünək

Ömrüm boyu bu sözün agırlıgını, necə deyərlər, məsuliyyətini hiss etmişəm. Hələ uşaqlıq illərimdə anam işə gedəndə bizə tapşırıqlar verər və axşamüstü gələndə nə iş gördüyümüzü, dediklərinin yerinə yetirilməsi ilə maraqlanardı. İnəyə su, yem verilməsini, əkdiyi sarımsagı toyuqlardan mühafizə etməyimizi soruşardı. Hələ başqa tapşrıqlar da verərdi. Biz də həmişə onun dediklərini həyata kecirərdik. Fikirləşirdik ki, anamız agır kolxoz işlərində calışır, qoy evə gələndə narahat olmasın. İndi başa düşürəm ki, anamıza hörmət həm də məsuliyyət imiş. Ana da bizə hər cür dəstək olurdu. Xüsusilə, dərslər başlayanda o, narahat olur, azdan-coxdan pul toplayıb bizə pal-paltar, dəftər-qələm alırdı. Deməli, ana da bilirdi ki, balaları məktəbə gedir, qoy onlar da uşaqlar arasında özlərini yaxşı hiss etsinlər. Bu, övlad və valideyn məsuliyyəti idi.

Məsuliyyət cəmiyyətin inkişaf meyarıdır. Məsuliyətsizlik bəşərə mənfi emosiyalar aşılayır və insanlar arasında soyuqqanlıq, düşmənçilik hissi yaradır, doğmaları, yaxınları, dostları bir-birindən soyudur. Həyatın bütün anında məsuliyyət yatır. Dostluq, yoldaşlıq, həmkarlıq, ailə, iş – xülasə hər vaxt, hər yerdə həmişə, məsuliyyət gərəyimizdir.
Ruhu şad olsun, Məmmədhüseyn müəllimin. Rayon rabitəsinə rəhbərlik edən çağlarında bir dəfə otağında oldum. O, işçini belə danlayırdı:
-Çox məsuliyyətli işi sənə tapşırmışıq. Ancaq sən bunu dərk etmirsən, get, bir də belə məsuliyyətsizlik etmə.
Vaxtilə “Çağırış” (“Yeni həyat”) qəzetinin redaktoru Vaqif Hüseynov bizə dönə-dönə tapşırardı: yazılarınızda hər cümləyə məsuliyyətlə yanaşın ki, sonra fakt qarşısında qalmayın.

Vətəndaşlıq məsuliyyəti var ki, dəyəri ölçüyəgəlməzdir. Bu məsuliyyət yaşadığın cəmiyyətin saflığı üçün vacibdir. Yəni sən Vətən üçün hər şeyi qurban verməlisən. Necə ki, bu Vətən, yaşadığın torpaq üçün qorxmadan, çəkinmədən düşmənin üstünə şığıyıb onu məhv etməyə gedirsən. Yəqin edirsən, bu vəzifə sənə tapşırılıb, onu sən həyata keçirməlisən. Çünki vətəndaşlıq borcun, məsuliyyətin həm də qeyrət, namus meyarına əsaslanır. Bu məsuliyyət anadan doğulandan boynundadır.

...Qonşuda iki cavan bir-birini sevirdi. Qız tərəfi razılıq vermirdi. Həmin oğlanın iki qardaşı bir neçə ayın gəlinini atıb, Rusiyaya işləməyə getmişdi. Aylar, illər ötdü, qayıtmadılar. Nəticədə hər iki gəlin ata-ana ümidinə qaldı. Üçüncü oğul da qardaşlarının yolu ilə getdi. Sevdiyini qaçırtdı, bir neçə ay yaşadılar. Qazanc dalınca guya Rusiyaya gedir, deyə illərlə sorağı gəlmədi. Ailə məsuliyyətini dərək etməyənin aqibəti belə oldu. Üçüncü gəlin də ata evinə qayıtmaq məcburiyyətində qaldı.
Ailə məsuliyyəti çox dəyərlərdən üstündür.
Nümunəvi ailə yaşatmaq. Həyat yoldaşının, övladlarının normal yaşayışını təmin etmək, cəmiyyətə nümunəvi övladlar vermək.

Bəzən deyirlər ki, meşə çaqqalsız olmaz. Cəmiyyətin də qeyri-normal üzvləri ola bilər. Onda cəmiyyətin normal insanlarının boynuna belələrini tərbiyələndirmək missiyası düşür.

Məsuliyyətin nə olduğunu başa düşmək istəməyənlərdən vətənpərvərlik gözləmək olmaz. Belələri vəfa, etibar, humanizm kimi dəyərlərdən uzaqdır.

Məsuliyyət sözü fəlsəfi mahiyyət daşıdığından onu hər kəs anlaya bilmir. Bu mövzuda istənilən qədər yazmaq olar ki, məsuliyyət yaşam tərzimizi irəliyə aparan, insanlara sivillik bəxş edən, inkişafımıza yol açan kəlamdır. Məsuliyyət hiss olunan zəmanədə saflıq, sadəlik, etibar, sədaqət əskik olmaz. Bir sözlə, cəmiyyətin qurtuluş yolu məsuliyyət kəlamından keçir.



HƏSƏNAĞA.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад