Главная > Maraqlı > Əlləri qabar olsa da, bu işdən yorulmur

Əlləri qabar olsa da, bu işdən yorulmur


30-12-2022, 18:57. Разместил: admin44


Həsir Azərbaycanda, xüsusilə Cəlilabad, Astara, Masallı və Lənkəranda qədimdən əvəzsiz məişət əşyası kimi işlədilir. Azərbaycanın cənub bölgəsində həsirçiliyin tarixən təşəkkül tapması ilk növbədə bu zonada mövcud olan subtropik iqlimlə əlaqədardır. Bu bölgələrdə həsiri yerə sərilən palaz-xalçanın altına yerləşdiriblər ki, rütubəti özünə çəksin, palaz-xalçanın tez yeyilərək istifadəyə yararsızlığının qarşısı alınsın və davamlı olsun.

Masallı rayonunun Musakücə kəndi həsirçiliklə məşhurdur. Əvvəllər kənddə demək olar ki, bütün evlərdə həsir toxuyarmışlar. Amma hazırda barmaqla sayılası qədər ailə bu işlə məşğuldur. Kənd sakini Rəqsanə Abıyeva isə uşaqlıqdan bu sənətin sirlərini öyrənib. İllərlə həsirçiliklə məşğul olmasının səbəbi isə bu peşəni çox sevməsidir.

“Cənub bölgəsində hava rütubətli olduğundan nəmişlikdən qorunmaq üçün həsir ən yaxşı vasitədir. Gərək yayda xammalı toplayasan ki, qışda həsir toxuya biləsən. Bunun üçün əsasən yay aylarında qamışlıqlara gedirik. Oradan "pizə" adlanan xüsusi xammal toplayırıq. Sonra onu qurudub, həsir toxuyuruq. Çox əziyyətli işdir. Həsir toxumaqdan əllərim qabar olub, amma çox sevdiyimdən bu işdən əl çəkə bilmirəm”, - deyir Rəqsanə Abıyeva.

Müsahibimizin sözlərinə görə, müasir dövrdə həsirə tələbat çox azalıb. Buna baxmayaraq, həsirin öz alıcıları var. Həsirdən istifadəyə əsasən yaşlı nəsil daha çox üstünlük verir. Astara və Lənkəranda naxışlı həsirlər də toxunur, Masallıda isə sadə həsirlərə daha çox üstünlük verilir: “Müştərilər əsasən Bakıdan və qonşu rayonlardan olur. Uzunluğu 4, eni 2 metr olan həsirlərin biri 10 manata satılır. Daha böyük həsirlər də sifariş olunur, onların da qiyməti ölçüsünə görə dəyişir”.

Rəqsanə Abıyeva deyir ki, toxuduğu həsirləri bazara çıxarmır. Çünki müştərilər elə birbaşa həsirləri onun evindən gəlib alırlar.





İlkin Adıyev, 
Azərtac


“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад