Главная > Maraqlı > İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib

İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib


13-01-2023, 16:00. Разместил: admin44

 Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edərək bildiri ki, Dünya, Avropa  çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir.
             
Bu Oyunları biz izləmişik və əfsuslar olsun yenə də qeyd etməli oluruq ki, hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum etmişdir. Buna baxmayaraq, bu böyük nailiyyət, mən bunu qələbə hesab edirəm, bir daha Azərbaycan idmanının gücünü təsdiqləyir və göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Çünki 5 il əvvəl Bakıda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir  ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır.
             
Gənc idmançıların hazırlanması əlbəttə ki, mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq.
             
 Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir, mən bunu çox yüksək qiymətləndirirəm. Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur. Əlbəttə ki, idmana dövlət dəstəyinin xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq.


Ülvi Rufullayev,              
Binə Xocavar kənd sakini



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад