Главная > Maraqlı > Bərpa olunan enerji sahəsində də Azərbaycan möhtəşəm uğurlara imza atacaq

Bərpa olunan enerji sahəsində də Azərbaycan möhtəşəm uğurlara imza atacaq


18-01-2023, 17:00. Разместил: admin44

Prezident İlham Əliyevin 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür. Cənab Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında da qeyd etdiyi kimi “Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir”.
             
Bildiyimiz kimi 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Cənab Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib. Hələ 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir.
             
Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Beynəlxalq tərəfdaşlar ötən illər ərzində ölkəmizin de-yure olduğu kimi, de-fakto da müstəqilliyinə və etibarlı tərəfdaş mövqeyinə əmin olduqları üçün, Azərbaycan artıq üçüncü ildir ki, 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir. O cümlədən, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan Prezidenti dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyi bu mötəbər tədbirdəki çıxışında qeyd etdiyi “Masdar” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılması ilə bağlı imzalanmış razılaşmanın əhəmiyyəti isə xüsusi qeyd olunmalıdır. Ümumiyyətlə Azərbaycanın ərəb ölkələri ilə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə strateji əhəmiyyətə malik münasibətləri dövlət siysətinin əsas vektorlarından biridir.
             
Birləşmiş Ərəb Əmirliyinin enerji istehsalı nöqteyi-nəzərdən dünyada özünəməxsus bir yer tutur. Azərbaycan isə bu gün Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir, deməli, müsbət iqtisadi dinamika gözləməliyik. Əvvəldə də qeyd etdiyim kimi, biz 2020-ci ildə İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etmişik, bizim qarşımızda duran əsas məqsəd bu əraziləri və dağılmış iqtisadiyyatı bərpa etməkdir.
           
Dağılmış iqtisadiyyatın bərpa edilməsi isə müasir yanaşmanı tələb edir ki, bu müasir yanaşma da innovativ idarəetmənin və innovativ iqtisadiyyatın bu ərazilərə gətirilməsidir. Məhz BƏƏ-də fəaliyyət göstərən şirkətlərin bu sahədə yüksək təcrübələrinin olması isə göstərir ki, Azərbaycan dövləti BƏƏ məxsus şirkətlərlə müqavilələr bağlamaqda və o şirkətlərin həm Qarabağda, həm Şərqi Zəngəzurda bərpa olunacaq iqtisadiyyatın inkişafında yaxından iştirak etməsini təmin etməkdə maraqlıdır. Dünyamız ciddi ekoloji problemlərlə qarşı-qarşıyadır. Neft və qazın istehsalı, satışı iqtisadi dividendlər gətirməklə bərabər, həm də ekoloji mühitin çirklənməsinə və ağırlaşmasına yol açır. Karbon qazının havaya buraxılması ciddi ekoloji problemlərə gətirib çıxarır. Bu nöqteyi-nəzərdən BMT-nin BƏƏ-də təşkil etdiyi bu tədbir bir tərəfdən bərpa oluna biləcək enerji mənbələrindən səmərəli istifadənin təşkilini ehtiva edirsə, digər tərəfdən də ekologiyanın qorunmasıyla bağlı ciddi çağırışları özündə əks etdirir. Azərbaycan dövlətinin burada təmsil olunması, Azərbaycan nümayəndə heyətinin iştirakı, Prezident İlham Əliyevin çıxışı, təbii ki, Azərbaycanın BMT-nin irəli sürdüyü bu ideyalara nə dərəcədə dəstək verdiyini açıq şəkildə göstərir.



               
Ülvi Rufullayev,
Masallı rayon Binə Xocavar kənd tam orta məktəbi



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          

шаблоны для dle 11.2
Вернуться назад