Главная > Maraqlı > Çin və Azərbaycan münasibətləri

Çin və Azərbaycan münasibətləri


23-01-2023, 14:44. Разместил: admin44

Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Çin Xalq Respublikası 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açıb. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edib və etməkdə davam edir.
           
1994-cü il 7-10 mart tarixində Ulu öndər Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır. 1998-ci il sentyabrın 8-də Bakıda Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub.
             
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Prezident bildirib ki, Çinlə Azərbaycan arasında etibarlı münasibətlər yaradılıb: “Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunub.Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Çin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir.
           
Prezidenti İlham Əliyev bildirib ki,Əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çin bunu qlobal miqyasda edir. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur.
               
Sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında həlledici mövqeyə malik olan Çin arasında münasibətlərin inkişaf perspektivləri çox böyükdür. Ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir və verəcəkdir.



Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyaşünaslıq Muzeyinin direktoru




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад