Главная > Maraqlı > Enerji siyasətimizdə yeni fəsil başlayır
Enerji siyasətimizdə yeni fəsil başlayır21-01-2023, 10:22. Разместил: admin44 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib.Orta Dəhlizin üstünlüklərindən danışan Prezident İlham Əliyev qeyd etmişdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Prezident daha sonra demişdir: “Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur”. Ölkə başçımız Dəhlizdən böyük gözləntilərimizin olduğunu vurğulamışdır: Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu məqsədlə biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində çox ciddi işləyirik. Biz düşünürük ki, nəqliyyat bizə ixracımızı şaxələndirməyə kömək etməklə yanaşı, biz xidmətləri ixrac edəcəyik. Eyni zamanda, Orta Dəhliz marşrutu və həmçinin Şimal-Cənub Dəhlizi marşrutu üzərində yerləşmək Azərbaycanda biznes üçün əlavə imkanlar yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Ümidvarıq ki, bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq.” Prezident həm qazla, həm də Azərbaycanın yaşıl enerji ilə bağlı planları haqqında da danışmışdır: “ İndi biz həcmi genişləndirməliyik. Əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Biz Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışırıq. Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladıq. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdə tuturam. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Eyni zamanda, biz Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq. Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var.Cənab Prezident sülh və sabitlikdən danışarkən demişdir: “ Əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.” Məhbubə Şahbazova, Bədəlan kənd tam orta məktəbinin direktor müavini “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |