Главная > Maraqlı > Novruz  adətləri

Novruz  adətləri


21-02-2023, 19:42. Разместил: admin44
 
Çərşənbələr

Novruz xalqımızın ən sevimli, xoş olqatlı bayramıdır. Payız yağışları, qışın soyuq, qarlı-şaxtalı bəyaz günləri  təbiətə bir neqativ əhval bəxş etdikdən sonra günəşin hərarətini hiss edən çöl-çəmənə, ormanlara, bahar təravətinin gəlişi hiss olunur. Dünya gülür, dünya canlanır, oyanır, nəhayət, bahar qışın soyuq məqamına qalib gəlir. Novruz –  yeni gün, yeni ovqat, yeni nəfəs insanları sevindirir. Bu, qışın məşəqqətindən qurtulub Novruza qovuşmaq sevincidir. Buna da Bahar sevinci, Bahar ovqatı deyirlər. Novruz bayramına hazırlıq da elə bu günlərdən başlayır. Bu hazırlıq isə “Böyük çillə” çıxandan 40 gün davam edir. Bu vaxt içində su, od, yel, torpaq çərşənbələri bizi Novruza yaxınlaşdırır və martın 20-də qovuşdurur. Buna kimi hər çərşənbədə insanlar fərəhli anlar yaşyır,  “çərşənbəniz mübarək”deyərək sevinclərini bölüşürlər. Novruzun ən dəyərli məqamı küsülülərin bir-birilə barışmasıdır.  

    İlaxır çərşənbələr içində ilki  su çərşənbəsidir ki, bu da müxtəlif mərasim və oyunlarla qeyd edilir. Su çərşənbəsi mərasimində adamlar sübh tezdən bulaq başına gələrək “Ağırlığım-uğurluğum, azar-bezarım “suya”deyib üstündən atlanır, aydınlıq, sağlamlıq simvolu kimi bir-birinə su çiləyir, dövrə vurub su haqqında nəğmələr oxuyurlar. Axı, su həyatdır, əmin-əmanlıq, aydınlıq mənbəyidir.

 “Od çərşənbəsi”nin də ilaxır çərşənbələr içərisində xüsusi yeri var. Bu çərşənbədə tonqal qalayırlar ki, hər kəsin od-ocağı gur yansın, şər qüvvələr yaxın düşə bilməsin. Bu tonqal yeri isitmək, donunu açmaq, yerə nəfəs vermək, əkin-biçinə hazırlıq görmək məqsədini daşıyır. Tonqalların üstündən atılanlar “Ağırlığım-uğurluğum ...”  odda yansın, köhnə ildə qalsın deyə, oxuyurlar. Bölgəmizdə “od çərşənbəsi” daha böyük sevinclə qeyd edilir.

Yel çərşəbəsi “Yel baba”nın su və yerin donunu açdığı, odu üflədiyi, günəşin qarşısını kəsən buludları qovaraq təbiəti isindirən uğur çərşənbəsidir. Yelə “Yel baba” , “Xeyir baba” deyə müraciət edir, “Yel baba” , “Yelli baba” oyunlarına rəvac verilir. Yeldən azar-bezarı aparmağı, xeyir xəbərlər gətirməyi xahiş edirlər.

 Novruza ən yaxın olan torpaq çərşəbəsi maraqlı oyunları ilə də zəngindir. Bir çox bölgələrdə “tonqal üzərindən atlama”, papaq atdı, torba atdı, ənzəli, gizlənpaç, bənövşə, fala baxmaq, yumurta döyüşdürmək və s. oyunlar yer tapır.

 El arasında “topaq çərşənbəsi” axır çərşənbə olduğu üçün həmin gün süfrəyə  yeddi cür nemət düzülür. Torpaq çərşəbəsi də digər çərşəbələr kimi folklor mahnıları ilə qeyd edilir. Əkin sahələrinə qayğı göstərilir, ağacların dibi yumşaldılır, gül əkilir, ev-eşikdə təmizlik işləri görülür, xəzəllər, çör-çöplər həyət-bacadan kənarlaşdırılır. Təmizlik başa çatdıqdan sonra torpaqla, Novruzla bağlı mahnılar səslənir:

         Torpağı qoydum dincə,

         Novruz bizə gəlincə

         Torpağa kəm baxanı,

         Doğrarlar xincə-xincə.

   

Bolluğun rəmzi olan  səmənini hər xonçada görmək olar.

Səməni, saxla məni, ildə cücərdərəm səni, - deyə oxuyurlar.

        Qarşıdakı Novruz bayramınız mübarək!

 Novruz adətlərimizi artıraq, qoruyaq.  Xalqımız həmişə Novruz olqatlı olsun!


HƏSƏNAĞA


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад