Главная > Maraqlı > Qiymət artıb, xidmət yox…

Qiymət artıb, xidmət yox…


22-02-2023, 12:10. Разместил: admin44
 
Sərnişindaşımadakı nöqsanlar                                                                                                                 Narazılıq edən paytaxtdakı yeni, müasir avtobus sahibləri, arada qazanan isə regionlardakı, rayonlardakı köhnə, əyri-üyrü, mikroavtobus sürücüləri, ala-bula, sınıq-salxaq, natəmiz avtobusları canımıza havala edən fərdi adamlar, dırnaqarası sahibkarlar. Hətta, şəxsi marşrutları ilə sərnişin daşıyan “xalturaçı”ların da əlinə fürsət düşüb. Onlara şamil edilməyən bu “kompaniya”nın, süni qiymət artımının başında elə özləri durur.

Hamısı qiymətlərini 20-25 faiz qaldırıb. Məsələn, şəhərdaxili 40 qəpik, Masallı-Rüdəkanar marşrutu 70 qəpik, halbuki öncə 50 qəpik idi və s.

İnsanları niyə incidirsiniz? Əvvəlki normal qiymətləri gərəksiz yerə niyə qaldırmısınız at belinə? Paytaxt Bakıdakı qiymətləri niyə qatırsınız rayonlardakı alabəzək, nimdaş avtobuslara? Sizdən soruşan gərək, məgər benzinin, dizelin qiyməti artıb? Belə olan halda, yanacağın qiyməti qalxanda indiki qiymətlər də kəllə-çarxa qalxar ki.

Sərnişindaşımada qiymət artımının xidmətin keyfiyyətinə zərrə qədər təsiri yox - köhnə hamam, köhnə tas. Bakıda və digər iri şəhərlərdəki istismar müddəti bitmiş avtobuslar dövriyyədən çıxarılmaq əvəzinə rayonlarda marşrut xəttinə yol açır. Deformasiyaya uğrayan, əyilən, xarici görünüşü pis vəziyyətdə olan, texniki baxışdan keçməyə heç hayı da qalmayan nasaz avtobuslarla hər gün minlərlə sərnişin daşınır. Bu da təhlükə yaradan səbəblərdəndir. Təkcə elə ötən il, çoxlu sayda insan ölümünə səbəb olmuş Lənkəran-Lerik yolundakı faciəli avtoqəza buna bariz nümunədir.
Bundan əlavə, payız-qış mövsümündə dəlik-deşik, köhnə avtobuslarda soyuqdan oturmaq olmur. Yayın qızmar günlərində isə xırda tutumlu nəqliyyat vasitəsində sıxlıq yaranır, içəridə hava çatışmır. Avtobusun təmizliyinə riayət edilmir. Çirkdən rəngi bilinməyən oturacaqların üzlüyü cırılır, sınıq-salxaq vəziyyətə düşür. Elə avtobuslar var ki, oturacaqlarının sayı 50 faizdir. Əl tutan yerlər də qırıq-qırıq... Toz və palçıq içində olan avtobusun döşəməsi sərnişinləri mikroavtobuslara minməkdən çəkindirir.
Odur ki, sərnişinlər gediş haqqının artırılmasının ictimai nəqliyyatda xidmətin səviyyəsinə təsir etmədiyindən şikayətlənirlər, xüsusilə rayonlarda. Onlar illərdir ki, avtobusların yenilənəcəyini arzulasalar da, bu problem heç kimin marağında deyil. Daşıyıcılar və mikroavtobus sahibləri xidmət keyfiyyətini yüksəltməyə həvəsli deyillər. Onlar unudurlar ki, əks təqdirdə artan gediş haqları əhalinin ictimai nəqliyyatdan uzaqlaşmasını stimullaşdıracaq - taksi və fərdi avtomobillərdən istifadə olunacaq.

Qiymət artımının ilk zərbəsi aşağımaaşlılara, aztəminatlı təbəqəyə dəyir. Belə ki, bir çox vətəndaş gün ərzində bir neçə ictimai nəqliyyatdan istifadə etdiyini, bunun üçün onların maddi imkanının olmadığını deyirlər. Elə ailə var ki, bir gündə 4-5 şəxs azı 2-3 marşrut dəyişərək işə, məktəbə, repititor yanına gedir. Bu ortalama günə 5-6 manat, aya 150-180 manat deməkdir. Odur ki, heç olmazsa ictimai nəqliyyatdan istifadə edən təqaüdçü, müharibə veteranı, tələbə və şagirdlər üçün limitsiz aylıq paketlər tətbiq edilməli, məktəblilərə tam güzəşt limiti olmalıdır...
 


Akif AĞAYEV.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад