Главная > Maraqlı > 8 mart Beynəlxalq Qadınlar günü

8 mart Beynəlxalq Qadınlar günü


8-03-2023, 08:30. Разместил: admin44

Azərbaycan qadını hər zaman cəmiyyətimizdə xüsusi hörmətə layiq olub. Rəsmi statistikaya görə hazırda ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizə başlanğıc kimi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. 1908-ci ildə Nyu-Yorkda 15000 qadın daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ilk dəfə olaraq analıq məzuniyyəti - dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi.

Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi.  1909-cu ildə isə Avropadaki qadınlar fevral ayının son bazar gününü (fevralın 28-ni) ilk qadın günü olaraq qeyd etmişlər.1910-cu ildə (1857-ci il hadisələrdən 52 il sonra) Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin adlı bir alman sosialist qadını 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Beynəlxalq Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.  Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
           
 Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Orta əsrlərdən Azərbaycan qadını  gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib.XX əsr bütün dünyada qadınların  rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti  dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı  siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Azərbaycan qadınları hər zaman ictimai-siyasi proseslərin fəal iştirakçısı olublar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yetişib. Azərbaycan müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da artıb və fəaliyyətləri genişlənib. Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.
           
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.



Elanora  Babayeva,
Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı mektəbin tarix müəllimi




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад