Главная > Maraqlı > Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqaladə Zirvə görüşü keçrilmişdir
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqaladə Zirvə görüşü keçrilmişdir19-03-2023, 19:06. Разместил: admin44 |
16 mart 2023-cü il tarixində Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü baş tutdu. Türkiyədəki məlum zəlzələ faciəsindən sonra reallaşan Fövqəladə Zirvə görüşü Türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycandan zəlzələ bölgəsinə göndərilən yardımlar, Türk dövlətləri arasında qarşılıqlı yardımlaşmalar, hərbi, siyasi və iqtisadi əməkaşlıq, həmçinin türk xalqlarının birliyi barədə danışdı. Azərbaycan-Türkiyə münasibətlərinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimiz həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub və bundan sonra da belə olacaq: “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Prezident şərəfli Vətən müharibəsindən danışaraq Rəcəb Tayyib Ərdoğanın ilk anlardan başlayaraq son günə qədər göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini xüsusi vurğulayıb. Dövlət başçısı çıxışında işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirdi. Prezident eyni zamanda bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradıldığı haqda da məlumat verdi. Prezident İlham Əliyev Türk dünyasının türk dövlətlərinin hüdudları ilə məhdudlaşmadığını, daha böyük coğrafiyanı əhatə etdiyini bildirdi. Belə ki, dünyada yaşayan azərbaycanlıların 50 milyondan çox olduğunu bəyan edən ölkə başçısı cəmi 10 milyonun Azərbaycanda yaşadığını, qədim türk yurdu olan Qərbi Zəngəzurun sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini Türk dünyasının coğrafi cəhətdən ayrılması kimi dəyərləndirdi: “1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir. Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”. Ceyhun Hüseynov, Masallı MRX İƏ söbəsinin mütəxəssisi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |