Главная > Maraqlı > Milli dəyərlərimiz

Milli dəyərlərimiz


26-03-2023, 01:00. Разместил: admin44

Azərbaycan xalqının çox qədim zamanlarda yaratdığı, milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər toplumu kimi daxil olan böyük bayramlardan biri Novruzdur. Əcdadlarımız ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu bayramı bir-birindən oynaq, lətafətli nəğmələr, insanın ilkin törəniş atributları olan su, od, yel və torpaq görüşləri ilə bağlı silsilə ayin, etiqad, ənənə və mərasimlərlə zaman-zaman bəzəmişlər.N.Gəncəvinin "İsgəndərnamə"sində, Ə.Nəvainin "Səddi-İsgəndəri"ndə bizim eradan 350 il əvvəl Novruzun xalq arasında böyük şənliklərlə keçirildiyi göstərilir. Təsadüfi deyildir ki, "İsgəndərnamə"də İsgəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz bayramı günü idi.
             
Ən əziz, ən doğma, ən sevimli  bayramdır – Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Lakin Novruz bayramı Azərbaycan xalq üçün daha müqəddəs dəyərlərə sahibdir.
           
1998-ci ildə Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Artıq Ulu öndər Heydər Əliyevin bu vəsiyyəti, Azərbaycan xalqının “Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın” arzusu reallığa çevrilib.  Üç ildir ki, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda da böyük quruculuq işəri gedir, bayram tonqalları çatılır, Novruz bayramı qeyd edilir.
             
Milli ruhumuzun tərcümanı olan Novruz bayramını Ulu öndər Heydər Əliyev milli ideologiyamızın ana sütunu kimi dəyərləndirib və əbədiləşdirib: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanmasının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.Novruz bizim ümummilli bayramımızdır. Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!"
                 
Xalqımızın keçib gəldiyi tarixi yolu, minilliklərlə formalaşmış bir çox ənənələrimizi ruhunda yaşadan bu bayram respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə  UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
               
Bu gün fəxr edirik ki, Azərbaycanın üçrəngli bayrağı azad edilmiş doğma torpaqlarımızda vüqarla dalğalanır. Möhtərəm Prezident cənab İlham Əliyev  Novruz tonqalını üçüncü dəfə Qarabağ torpağında alovlandırdı və xalqımızı Novruz Bayramı münasibətilə təbrik etdi, qalib ölkəmizin vətəndaşlarına xoş arzu və niyyətlərini  çatdırdı. Qürurverici haldır ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını Azərbaycan xalqı böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır, əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.
             
Ölkə Prezidenti cənab İlham Əliyev Novruz Bayramı münasibətilə Azərbaycan xalqına  təbrikində demişdir:“Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.”“Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.”
           
Arzu edirəm ki,qoy həmişə Azərbaycan səmasında günəş saçsın! Daim yolumuzu işıqlandırsın. Çünki Azərbaycanın yolu haqq yoludur, inkişaf yoludur.



 Çingiz Qurbanov,
 Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад