Главная > Maraqlı > 27 mart şəhid Gülşad Xəlilovun doğum günüdür

27 mart şəhid Gülşad Xəlilovun doğum günüdür


27-03-2023, 13:54. Разместил: admin44

“ATAMA DEYİN Kİ…”
 
El arasında geniş yayılan məşhur bir deyim var: “O bu dünyaya kişi kimi gəldi, kişi kimi yaşadı, kişi kimi də köçüb getdi.” Xalqımızın mərd kişilər, ər oğullar, gözünü qırpmadan Vətən naminə şirin canından keçən qəhrəmanlara şamil etdiyi bu deyim əsrlərin, qərinələrin sınağından keçib bu günümüzə gəlib çatıb. Kişi olmaq əhdə sadiqlik, haqq-salama hörmət, comərdlik, vətənpərvərlik və gücdür… Kişilik anlayışı yaşından asılı olmayaraq insanın istər mənəvi, istərsə də fiziki cəhətdən üstünlük meyarıdır… Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Gülşad Xəlilov da dünyaya kişi kimi gəlib, kişi kimi yaşayıb, qısa ömür sürsə də, sinəsini Vətənə sipər edərək bütün adlardan uca ada - şəhidlik zirvəsinə ucaldı. Elə döyüş yoldaşlarından atasına göndərdiyi son sözü də belə olub: “Atama deyin ki, kişi kimi döyüşdüm, kişi kimi də şəhid oldum...”

Gülşad Ağdam-Ağdərə istiqamətində gedən döyüşdə 4 yaralı yoldaşını döyüş meydanından çıxartmışdı. Xilas etdiyi yaralı döyüşçülərdən biri də qubalı Telman Tarıverdiyevdir. Onun dediyinə görə, Gülşad növbəti dəfə geri dönəndə komandiri ona “Xəlilov dayan, daha getmə!” deyə səslənib. Ancaq Gülşad etiraz edib, gətirdiyi sonuncu yaralını təhlükəsiz ərazidə qoyub və komandirə bildirib ki, yaralı yoldaşlarını xilas etməlidir. Fəqət, növbəti dəfə döyüş meydanına qayıdıb 5 - ci yaralı döyüşçünü xilas edərkən qrantamyot qəlpəsi nəticəsində ölümcül yaralanır və mübarək şəhidlik məqamına yüksəlir...

QISA TANITIM: Xəlilov Gülşad Elşad oğlu 27 mart 2001-ci il tarixdə Masallı rayonunun Kürdəbaz kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunmasına sayılı günlər qalmışdı.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 15-də Ağdam-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
16 oktyabr 2020-ci ildə şəhidin nəşi boya-başa çatdığı Kürdəbaz kəndinə gətirilib və böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Gülşad Xəlilov ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
“Vətəni sevmək imandandır”

Qəlbində Allah sevgisi olan, özünü, kimliyini anlayan hər bir kəs Vətəninə, torpağına qırılmaz tellərlə bağlı olur. İnsanın doğulub boya-başa çatdığı, çörəyini yeyib, suyunu içdiyi Vətəni qorumağın savab iş olduğu barədə Həzrəti Peyğəmbərə aid edilən “Vətəni sevmək (qorumaq) imandandır” hədisi daha çox yayılmış, dillərdə əzbər olmuşdur.

Məsəl var, deyərlər ki, yaxşı igid dayısına çəkər. Gülşadın dayısı Sərxan Nəciyev ali təhsilini yarımçıq qoyub Birinci Qarabağ müharibəsində iştirak etmişdi. Gülşad Vətənin keşiyində dayanmağın necə şərəfli iş olduğunu yeniyetmə çağlarından anlamışdı.
Aprel döyüşləri başlayanda Gülşad orta məktəbin 9-cu sinif şagirdi idi. Qısamüddətli həmin döyüşlərin Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməsi Gülşadın qəlbində işğal altında olan torpaqların silah gücünə azad edilməsinə inam hissi ilə yanaşı, onda hərbçi olmağa maraq yaratmışdı... O vaxtdan xəyallarında özünü Vətənin hər qarış torpağına sahib çıxan qalib əsgərlərin cərgəsində təsəvvür edirdi.
Düz 3 ildən sonra aprelin əvvəlində həqiqi hərbi xidmətə yollandı. Əsgər yoldaşları adətən onu soyadı ilə Xəlilov deyə çağırırdılar. Hərbi təlimlərdə həm topçu, həm də rabitəçi kimi istənilən döyüş tapşırığını can-başla yerinə yetirən Gülşad baş əsgər idi.
…Anası Gülayə xanımın dediyinə görə, hərbi xidmətin son günlərində Gülşad öz profilinə dodaqlarında təbəssüm işığı sezilən əsgər qiyafəli şəkillərindən birini qoyub “mən ömürlük hərbidə qalacağam” yazıb. Qardaşı Cavidan isə təəssüf hissi ilə deyir: “Gülşad müddətdən artıq hərbi xidmətdə qalmaq fikrinə düşsə də, oktyabrın əvvəllərində ordudan tərxis olunub evə gələcəkdi. Amma sentyabrın sonu başlanan müharibə onun çox arzularını ürəyində qoydu...”
“Eşşəklərimiz su içməyə gəlirlər...”
Gülşad rabitəçi kimi bu ifadəni erməni faşistlərinin pusqudan çıxıb mövqelərimizə yaxınlaşmaq istədikləri zaman öz döyüş yoldaşlarını duyuq salmaq üçün ucadan deyərdi. Sonuncu dəfə evə 14 oktyabrda zəng edib. 15 oktyabrda son döyüşü zamanı çox mərdliklə vuruşub. Qisas hissi ilə düşmən səngərlərinə od püskürən Gülşadın torpaq, el- oba, Vətən sevgisi ilə dolu ürəyində hərbi andına sədaqət, silah yoldaşlarına qayğıkeşlik vardı. O gün dəfələrlə yaralı yoldaşlarını vaxt itirmədən atəş altından uzaqlaşdırıb…
Yeddioymaqlı baş leytenant Həsən Kazımov bildirdi ki, mən Gülşadın cəsur döyüşçü kimi adını eşitmişdim. “Ondan xeyli aralıda vuruşurdum. Şəhid olması xəbərini eşidəndə çox sarsıldım. Özüm irəli gedib onun nəşini döyüş meydanından çıxardım...”
...Gülşadın Azərbaycan bayrağına bükülmüş tabutu onun şəkilləri ilə bəzədilmiş doğma kənd yolları ilə “Vətən sənə oğul dedi, şəhidim!”,”Vətən mənə ana, mən əsgərəm ona”, “Biz gəldik, Qarabağ” şüarları altında böyük izdihamla son mənzilə yola salındı…
“O, bizim xilaskarımızdır”

Müharibədən sonra döyüş yoldaşları Gülşadın doğulub boya-başa çatdığı kəndə gəlib, məzarını ziyarət edəndən sonra valideynləri ilə görüşüblər. Haqqında ağızdolusu, həm də böyük fəxrlə danışıblar. Onların söylədiklərinə görə, Gülşad döyüş zamanı qorxu nədir, bilməyib. Qazilərdən Elmin Abdullayev, Telman Tarıverdiyev və başqaları bu gün həyatda sağ qaldıqlarına görə Gülşadı xilaskar bilirlər. Əbülfəz adlı bir gənc isə öz xilaskarının adını və soyadını bilsə də, onun Masallı rayonunun hansı kəndindən olduğunu öyrənmək üçün “İnstagram” izləyicilərinə canlı müraciət ünvanlamışdı. Sağ qalanlar ürək ağrısı ilə deyirlər: “Qeyrətli qardaşımız öz canını əsirgəməyərək təkbaşına 4-5 nəfərin həyatını xilas etdi, biz isə onun həyatını xilas edə bilmədik…”

Vətən müharibəsinin iştirakçılarından olan Ramiz Abdullayev isə şəhidin məzarını ziyarət etməyə gələrkən valideynlərinə belə deyib: “Mən Gülşadın adını, müharibədə göstərdiyi igidliklərini döyüş yoldaşlarının dilindən eşitmişəm. Ona görə də belə bir cəsur əsgərimizin məzarının ziyarətinə gəlməyi özümə borc bildim…”
Şəhid ruhunun pıçıltısı

Uğrunda canını fəda etdiyi doğma Vətən torpağının qoynuna əbədi köçəndən 5 ay sonra Gülşadın 20 yaşı tamam olub. O gün məzarını ailəsi və yaxınları ilə birlikdə Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlari, "Ümidim sənsən"Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Fidan xanım Abbaslı, həmçinin şəhidin dostları ziyarət ediblər. Şəhidin atası Elşad Xəlilov oğlunun xatirəsini əziz tutan hər kəsə minnətdarlıq edərək bildirib ki, tarixi Qələbəmizdə payı olan övladı ilə fəxr edir.
...Bəli, əcdadlarımızın ruhları dolaşan Vətən göylərində minlərlə şəhidimiz kimi Gülşad da haqqın dərgahına ucalıb. O müqəddəs dərgahdan uğrunda canını fəda etdiyi və bizə əmanət qoyduğu yurd yerlərimizə boylanır. Və gündüzlər günəş nuruna qərq olan, gecələrin kəhkəşanında ulduz kimi sayrışan müqəddəs şəhid ruhlarının cərgəsində sanki o, Vətən haqqında əzəli və əbədi nəğmənin misralarını pıçıldayır:

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Vətən – əcdadımızın mədfənidir,
Vətən – övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz.



Nurəddin ƏDİLOĞLU,
Yazıçı, publisist.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад