Главная > Maraqlı > Ölüm süvariləri

Ölüm süvariləri


4-04-2023, 17:07. Разместил: admin44
                                                                                                                                                   ...Vətən müharibəsi qazisi Məmməd Vahid oğlu və şəhid Sənan Nasif oğlu uşaqlıq çağlarından bir həyətdə böyüyüb boya-başa çatmışdılar. Əmioğlanları bir-birinin xətrini çox istəydilər. Sənan atası dünyasını dəyişəndən iki ay sonra əsgər getmişdi. Onun şəhdi olması xəbərini eşidəndə “Kaş mən şəhid olaydım, o yox!” deyən 20 yaşlı Məmməd özü də 44 günlük müharibədən sonra dekabrın 4-də Tərtər istiqamətində minaya düşüb və bir ayağı amputasiya olunub. Sənanın bibisi oğlu Vaqif Türbət oğlu da qanlı-qadalı döyüşlərdə iştirak edib. Dayısı Yusif isə Birinci Qarabağ savaşında baş leytenant rütbəsində səhra hospitalının həkimi olub.

Qısa tanıtım: Səlimov Sənan Nasif oğlu 1 aprel 2001-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub. 2007-2016-cı illərdə Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbində 9-cu sinfə qədər təhsil alıb.
2019-cu ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində Vətənə övladlıq borcunu yerinə yetirməyə başlayıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda Vətən müharibəsi başlayanda ordudan tərxis olunmağına sayılı günlər qalan Sənan da silaha sarılıb döyüş səngərlərinə atıldı.
Oktyabrın 14-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Təzə Alvadı kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən Sənan Səlimov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Qarabağ - Şuşa ərəfəsi

...Sənanın mənsub olduğu gənc nəsilin taleyinə Vətən torpaqlarını işğaldan azad etmək yazılmışdı. Və mənfur düşməndən qisas almaq eşqi ilə yaşayan, qanlı-qadalı döyüşə atılarkən gözünü qırpmadan canını Vətən yolunda fəda edən bu gənc əsgərlər ölüm süvarilərinə bənzəyirdilər.
Vətənin işıqlı günlərinə can atan, fəqət tale yolu qaranlıqdan keçən Əhməd Cavadın ruhundan qopan misralar da sanki o günlər döyüşürdü.
Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, bismillah...

Vətən uğrunda irəli yürüyən oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun həmkəndlisi Sənan Səlimov idi.

Anası Vəsilə xanım deyir ki, Sənan həqiqi hərbi xidmətdə olan vaxtlarda həmişə bizi düşünürdü. “Bizə qıymırdı, evdən bir dəfə də pul istəmirdi. Yeniyetmə vaxtlarından dinə bağlı uşaq olub. Həm hərbidə xidməti, həm də zəhməti çox sevirdi... Oğlum dar ayaqda güvəniləcək adam idi, dürüstlüyünə görə əsgərlikdə komandir onu özünə yoldaş seçmişdi. Bir müddətdən sonra Sənan məzuniyyətə də gəlmək istəmirdi...”

... Amma bir dəfə komandirləri onu qısamüddətli məzuniyyətə getməyə razı salıblar. Sənan da aylıq məvacibindən yığdığı pulla anasına 3 toyuq alıb gətiribmiş. İlk baxışdan bu fakt oxucuya çox adi görünə bilər, ancaq dərindən düşünəndə görürsən ki, başsız qalan ailəsi üçün Sənanın içindəki sevgi və qayğının bariz nümunəsidir... Özünə gətirdiyi pullarla mülki geyim-keçim də alıb. Düşünüb ki, ordudan tərxis olunub gələndən sonra anasına güc düşməsin!

Bacısı Sənubər deyir ki, atam dünyasın dəyişəndən sonra Sənan mənim həm qardaşım, həm də atam idi. Şəhid olmamışdan iki gün əvvəl anası ilə danışıb. Arzulayırdı ki, bacısının dünyaya yeni göz açan körpəsini - Nuranı görsün. Amma bacısının övladını görmək ona qismət olmadı.
Sənan da Qarabağın -Şuşanın işğaldan azad olunduğu ərəfədə şəhid oldu. Onu atasının məzrının yaxınlığında böyük izdihamla torpağa tapşırdılar. Tabutunun büküldüyü Azərbaycan bayrağı əmisi Vahidə, cərçivəyə salınmış şəkiıli qardaşı Cavidə təqdim olundu.

O gün şəhidin məzarını qucaqlayıb göz yaşı tökən təkcə doğma anası-bacısı deyildi, həm də o məzarın üzərinə düzülən saysız-hesabsız qərənfillər də ağlayırdı.
Şəhid Sənan Səlimovun adını daşıyan küçədə, doğulduğu evin həyət darvazasının yaxın xatirəsinə tikilən bulaqdakı lövhədən boylanan şəklinin altından qardaşı bu sözləri yazdırıb:

Qardaş, tapşırıldın qara torpağa,
Bu ölüm sinəmizə çəkdi dağ bizim.
Sən bizim arxamızda bənzərdin dağa,
Elə bil arxamızdan uçdu dağ bzim.



 Nurəddin ƏDİLOĞLU,
yazıçı publisist.   




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az                          шаблоны для dle 11.2
Вернуться назад