Главная > Maraqlı > İşıqlı həyat yolu

İşıqlı həyat yolu


12-04-2023, 13:44. Разместил: admin44

Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara…
             
2023-cü il Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan olmuşdur. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva.Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
               
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar. Akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.
               
Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
             
 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qayğıkeş ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi idi. O, nə edirdisə böyük sevgi ilə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında daha çox duyulurdu.
           
Çox güclü bir xarakterə malik olan bu nəcib insan hətta ömrünün son günlərini yaşadığını biləndə belə ölümün gözünün içinə dik baxmağı bacarmışdır.Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
 



İradə  İmanbəyli,
Masallı rayon, Dəmirçi kənd ümumi orta məktəb, direktor müavini




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад