Главная > Maraqlı > Tacikistan və Azərbaycan iki sabit dövlətdir

Tacikistan və Azərbaycan iki sabit dövlətdir


11-04-2023, 14:06. Разместил: admin44

Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.

Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyrisabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər.

Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Bu barədə burada - Tacikistanda, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilən qardaş ölkədə danışmaq mənə xüsusilə xoşdur. Emoməli Şərifoviçin dediyi kimi, gələn ay biz Azərbaycan dövlətçiliyinin banisinin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Mən tacik qardaşlarımıza təşəkkür edirəm ki, Heydər Əliyevin xatirəsi Tacikistanda da qeyd ediləcək.Emoməli Şərifoviç danışıqların bütün mövzularını işıqlandırdı. Hesab edirəm ki, bu gün biz çox səmərəli danışıqlar apardıq, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik. Emoməli Şərifoviçin qeyd etdiyi bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürümüz var. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir.

İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.Mən əsla şübhə etmirəm ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik. Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqlar yerinə yetiriləcək. Əminəm ki, nəticələr bizi sevindirəcək.Məhz mədəni sahədə qarşılıqlı əlaqələrimizin möhkəm təməlini xüsusi qeyd etmək istərdim. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Demək istərdim ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub.Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Yəni, bunlar çox şeyə dəlalət edir.

 Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir. Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Əminəm ki, biz bu gün təhsil sahəsində də, başqa sahələrdə də qəbul etdiyimiz bütün qərarları yerinə yetirəcəyik.Onu da demək istərdim, biz məmnuniyyətlə qeyd etdik ki, Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Biz tacik tələbələrin sayının artırılmasına şərait yaratmağı qərara aldıq. Əlbəttə, əminəm ki, azərbaycanlı tələbələr də böyük sevinc və istəklə burada, Tacikistanda təhsil ala bilərlər.Mən əziz dostum, qardaşım Emoməli Şərifoviç Rəhmona qonaqpərvərliyə, əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Emoməli Şərifoviç, fürsətdən istifadə edib Sizi Azərbaycana səfərə dəvət etmək istərdim.Emoməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq.



Emil  İlqar,
Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbi





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад