Главная > Maraqlı > Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat

Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat


20-04-2023, 15:30. Разместил: admin44

Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir.
               
Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik.
               
Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir. Azərbaycan dövlətinin iqtisadi sahədə siyasəti iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə qurmaqdan və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bağlamaqdan ibarətdir. Azərbaycanın öz təbii sərvətlərindən istifadə etməsi ilə əlaqədar apardığı strateji siyasət Azərbaycanın milli mənafeyinə tamamilə cavab verən siyasətdir. Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır. Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdır. Ondan sonra isə tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar.
               
Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatımızın inkişafında xüsusi xidmətləri olmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əməlləri tarix ötdükcə daha möhtəşəm görünür və daha dərindən dərk olunur. Prezident İlham Əliyev: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".


Paşayev Teymur,
Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад