Главная > Maraqlı > “Əsrin müqaviləsi”

“Əsrin müqaviləsi”


22-04-2023, 15:36. Разместил: admin44

Azərbaycan Prezidenti Heydər Əliyevin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də neftlə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar”.

  “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail olur.

1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalanmış, bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq Ulu öndərimizin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrildi, 2003-cü ildə kəmərin tikintisinə başlanıldı. Çox çətinliklərə baxmayaraq Heydər Əliyevin seçdiyi yol uğurlu oldu və Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrildi.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlanan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir. Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi.

Məhz Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı kimi Azərbaycan yeni inkişaf mərhələsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modelini, öz iqtisadi inkişaf strategiyasını və mədəni-mənəvi dəyərlərini düşünülmüş surətdə həyata keçirmək əzmi ilə qədəm qoydu.



Quliyev Çingiz,
Masallı rayon sakini



“Yeni həyat” qəzeti
www.yeniheyet.az

 
шаблоны для dle 11.2
Вернуться назад