Главная > Maraqlı > “Heydər Əliyev Masallıda” – dəyirmi masa

“Heydər Əliyev Masallıda” – dəyirmi masa


26-04-2023, 21:12. Разместил: admin44

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq Masallı rayonunda “Heydər Əliyev Masallıda” mövzusunda dəyirmi masa keçirildi.  

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatlarının dəstəyi ilə keçirilən tədbirdə partiya veteranları, gənclər və media nümayəndələri iştirak edirdi.
Aprelin 26-da, Masallı Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.    

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması, bununla əlaqədar ölkəmizin hər yerində olduğu kimi Masallıda da silsilə tədbirlərin həyata keçirildiyini, bugünkü dəyirmi masanın yeni nəslə Heydər Əliyev irsinin aşılanması yönümündə əhəmiyyətini diqqətə çatdırdı.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında müstəqil Azərbaycan dövlətinin qurucusu, XX və XXI əsrin titanik siyasətçisi Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətlərindən, gərgin və yorulmaz fəaliyyətindən bəhs etdi, Ulu Öndərin Masallı və masallılar haqqında söylədiyi dəyərli fikirləri xatırlatdı.

“Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Şərəfə kənd tam orta məktəbinin tarix müəllimi Sərmayə Musayeva, sahibkar Güləş Allahyarov, YAP veteranları Göyçək Ələsgərova, Cəmaləddin Ağayev, Asudə Məmmədova, Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev Ulu Öndərlə bağlı xatirələrini bölüşərək müxtəlif vaxtlarda, eləcə də 11 sentyabr 1980-ci il, 5 oktyabr 1998-ci il tarixi günlərini - Heydər Əliyevin Masallı ziyalıları və əmək adamları ilə görüş gününü yaşayanlar kimi özlərini ən xoşbəxt insan hesab etməklə qürurlandıqlarını ifadə etdilər.
Natiqlər istər sovet dövrü, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən Heydər Əliyevin hər birimizin qəlbində əbədi yaşayacağını vurğuladılar: “O, andına sadiq qaldı. Müstəqilliyə təzəcə qədəm qoymuş insanların qəlbində inam odunu şölələndirdi. Xalqın yeganə pənahı, ümidi olan Heydər Əliyev ən çətin anlarda yurdaşları ilə bir sırada oldu, ömrünün sonunacan millətinə xidmət göstərdi...”
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
 







Akif AĞAYEV


“Yeni həyat” qəzeti
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад