Главная > Maraqlı > Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitutsiyada təsbit olunmuşdur

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitutsiyada təsbit olunmuşdur


27-04-2023, 19:45. Разместил: admin44

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması xalqımızın milli özünəməxsusluğunun və dəyərlərinin qorunması istiqamətində atılan, müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birinin qorunmasına xidmət edən tarixi hadisədir.
             
Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə prioritet istiqamətlərdən biri olub: “Öz xalqına, Vətəninə böyük sevgi ilə bağlı olan Heydər Əliyev ana dilinin bir xalqın milli identikliyinin mühafizə olunması, milli şüurunun oyanması, ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün müstəsna əhəmiyyət kəsb etdiyini çox yaxşı bildiyi üçün Azərbaycan dilinin inkişafına böyük önəm verirdi. 1978-ci ildə Ulu Öndərin təklifi ilə konstitutsiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada - “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” – kimi verilməsi, təkcə dilimizin deyil, həm də Azərbaycan dövlətçiliyinin ölkənin ali qanunu müstəvisində öz əksini tapması kimi qəbul olunmalıdır. Bu, Heydər Əliyevin uzaqgörənliyinin, strateji zəkasının və cəsarətinin bariz nümunələrindən biridir”.
           
 “Dahi Azərbaycanlının “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var”, “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan” və digər bu kimi ana dilimizin böyüklüyünü, gözəlliyini ifadə edən fikirləri xalqın formalaşmasında ana dilinin nə qədər böyük əhəmiyyətə, əvəzolunmaz bir mövqeyə malik olduğunu nümayiş etdirir. Ulu Öndərin Azərbaycan dilinə olan nəhayətsiz sevgisi hər bir azərbaycanlı üçün nümunədir. Çünki tam və bütöv azərbaycanlı olmanın yeganə yolu, Ulu Öndərimizin vəsiyyət etdiyi kimi, ana dilimizə olan sevgidən keçir”
             
Ulu Öndər ana dilimizin adını bizə qaytarmaqla Azərbaycan dilinin inkişafı və qorunması işinə misilsiz töhfə vermiş oldu: “Xalqın təkidli tələbi ilə 1993-cü ildə respublikada ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı kimi məsələləri daim diqqət mərkəzində saxlayırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin gerçək adını da özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirildi, təkliflər irəli sürüldü və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi. Ulu Öndərin müəyyən etdiyi dil siyasəti birmənalı olaraq ölkəmizdə dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik siyasətin uğurla həyata keşirilməsinin nəticələridir.



Ülvi  Rufullayev,
Binə Xocavar sakini 




“Yeni həyat” qəzeti
www.yeniheyet.az

 
шаблоны для dle 11.2
Вернуться назад