Главная > Maraqlı > Anlaşma memorandumunun imzalanması “Həmrəylik halqası” təşəbbüsünün həyata keçirilməsində mühüm addımdır

Anlaşma memorandumunun imzalanması “Həmrəylik halqası” təşəbbüsünün həyata keçirilməsində mühüm addımdır


27-04-2023, 19:58. Разместил: admin44

Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ (Macarıstan), Eustream (Slovakiya) və SOCAR (Azərbaycan) arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.
     
İmzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə baş tutub. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson isə tədbirə onlayn formatda qoşulub. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Rumıniyanın energetika naziri Virgil Daniel Popescu, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıb.
             
 İmzalanma mərasimində çıxış edən energetika naziri Pərviz Şahbazov deyib ki, dövlət liderlərimizin ölkələrimiz arasında yüksək səviyyəli münasibətləri, həmrəyliyi və strateji tərəfdaşlığı təmin edən siyasət və xidmətlərinin töhfəsi olaraq Azərbaycandan Avropaya təbii qaz tədarükünün yeni bir istiqaməti üzrə birgə əməkdaşlığa imza atıldı: “Bu sənədin imzalanması “Həmrəylik halqası”  təşəbbüsünün həyata keçirilməsində mühüm addımdır. Bu yeni layihə iki ildən artıqdır ki, Cənub Qaz Dəhlizi sayəsində tərəfdaşlarımızın etibarlı və sabit enerji təchizatında strateji rol oynayan Azərbaycan qazının alternativ marşrutla yeni bazarlara çıxışını təmin edəcək.”

Çıxışda “Həmrəylik halqası” marşrutundakı infrastrukturların təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs edilib və bu təşəbbüs üzrə əməkdaşlığın Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun icrasına töhfə verəcəyi qeyd edilmişdir.
   
Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq.

Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənib. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılmış 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək.

Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatını başlayacaq.
Yerli qazpaylayıcı sistemin qurulması məqsədilə müvafiq danışıqlar aparılır. Azərbaycan hökuməti Albaniya ilə danışıqlar aparır. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda enerji sahəsində tərəfdaşımıza çevriləcək.



Ceyhun Hüseynov,  
Masallı MRX İƏ şöbəsinin mütəxəssisi




“Yeni həyat” qəzeti
www.yeniheyet.az

 
шаблоны для dle 11.2
Вернуться назад