Главная > Maraqlı > Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabı çapdan çıxıb

Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabı çapdan çıxıb


3-05-2023, 16:23. Разместил: admin44

Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabı çapdan çıxıb.

Kitabda Zərifə və Heydər Əliyevlərin boya-başa çatdığı ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.

Müəllif kitabın ideyasını açıqlayarkən görkəmli şəxsiyyətlərin “qalstuksuz” həyatının oxucu üçün həm cəlbedici, həm də ibrətamiz olduğunu qeyd edir. Digər tərəfdən, Elmira Axundova hələ “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatı üzərində işlədiyi dövrdə Ulu Öndərin ömür-gün yoldaşı Zərfə xanımın şəxsiyyəti ilə maraqlanmış, xeyli material toplamışdı. Yazıçı dahi şəxsiyyət haqqında epopeyasını tamamlamaq üçün bu əsəri yazmaq qərarına gəlir. Müəllif özü bu barədə belə yazır: “İrihəcmli əsər - altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatı üzərində işlədiyim dövrdə, təbii ki, qəhrəmanımın ömür-gün yoldaşının şəxsiyyəti ilə də yaxından maraqlanmışdım. Çoxsaylı müsahiblərim Zərifə xanım haqqında, xüsusən də Heydər Əliyevlə qarşılıqlı münasibətləri barədə xeyli maraqlı şeylər danışmışdılar.

Zaman keçdikcə bu mozaik epizodlardan mükəmməl bir lövhə yarandı. Və başa düşdüm ki, Heydər Əliyevə həqiqi ailə xoşbəxtliyi, bir-birindən layiqli, istedadlı oğulla qız bəxş edən (təəssüf ki, övladları ilə yalnız otuz ildən bir az artıq, amma necə dolğun, zəngin bir həyat yaşaya bilmişdi!) Yeganə Qadın haqda yazmasam, qəhrəmanımın həyat və tale epopeyası yarımçıq olacaq. “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” adlı kitab ideyası belə yarandı”.

Kitabın “Ailə. Uşaqlıq və gənclik illəri” adlı ilk bölməsində müəllif qəhrəmanlarının doğum tarixi və yeri haqqında diqqətçəkən paralellər aparır: “Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, Əziz Məmməd Kərim oğlu Əliyevin ailəsində doğulub. Doğrudur, “kiçik vətəni”ndə çox az yaşayıb. Çünki Azərbaycan səhiyyəsinin gələcək təşkilatçısı Əziz Əliyev elə həmin il yarımçıq qalmış tibb təhsilini başa vurmaq məqsədilə Bakıya köçməyi qərara almışdı. 12 gün sonra eyni yerdə - Naxçıvanda Zərifə xanımın gələcək həyat yoldaşı Heydər Əliyev doğulmuşdu”.

Müəllif bu məqamda Azərbaycanın görkəmli jurnalisti Svetlana Mirzəyevadan maraqlı bir sitat gətir: “Dünya necə də qəribə və qanunauyğun şəkildə qurulub. Eyni Naxçıvan Muxtar Respublikasında, eyni ildə, eyni bahar günlərində arada 12 gün fərqlə hətta soyadları da eyni olan iki insan – Zərifə və Heydər doğulmuşdu. Doğulmuşdular ki, illər sonra başqa bir şəhərdə – Bakıda bir-birini tapsınlar, çətin sınaqlardan keçsinlər və talelərini birləşdirib ailə qursunlar”.

Əsər “Xarakterlərin formalaşması (1940-cı illər – 1950-ci illərin əvvəlləri)”, “Sevmək haqqı”, “Əks-kəşfiyyatçının şəxsi həyatı”, “Ordinatorluqdan akademikliyə”, “Lider”, “Respublika rəhbərinin xanımının gündəlik həyatı”, “Qalstuksuz” Heydər Əliyev (XX əsrin 70-ci illəri)”, “Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)”, “O, əzablarını sona qədər gizlətdi…”, “Ölümə qalib gələn məhəbbət” adlı bölmələrdən ibarətdir.

Kitabı vərəqlədikcə, oxucu bu qənaətə gəlir ki, onları tale bir-biri üçün yaradıb. Zərifə və Heydər Əliyevlərin ailəsi təkcə iki böyük insanın şəxsi xoşbəxtliyi zəminində qurulmayıb, həm də minlərlə insanın həyatında və taleyində, Azərbaycan xalqının XX əsrdəki mədəni-mənəvi mövcudluğunda nəcib, xeyirxah iz qoyub.

Həm Azərbaycanda, həm də keçmiş SSRİ-nin müxtəlif yerlərində Əliyevlər ailəsini yaxından tanıyan onlarca insanların xatirələri bu kitabda yer alıb. Kitabı rus dilindən Azərbaycan dilinə çevirən Vilayət Quliyev sözardı olaraq “Bitməyən bir eşq hekayəsi”ndə bu barədə belə yazır: “Həmsöhbətlər arasında siyasi xadimlər və rəhbər partiya işçiləri, tanınmış alimlər və görkəmli sənət adamları, yaxın qohumlar, iş yoldaşları, xidməti personal təmsilçiləri var. Zərifə və Heydər Əliyevlər təmasda olduqları bu insanların hər birinin yaddaşında silinməz izlər qoyub, qeyri-adi məhəbbətlərinin işıq və istiliyini onlarla da paylaşıblar”.

2023-cü il həm Ulu Öndər Heydər Əliyevin, həm də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmalarının 100 illik yubileyidir. Müəllifin özü də qeyd etdiyi kimi, bu kitabda əvvəldən sona qədər səmimi olmağa çalışıb. Çünki hər iki qəhrəmanını ürəkdən sevir. Onların hər ikisi xalqımızın böyük sevgisini qazanıb. Bu baxımdan Xalq yazıçısı Elmira Axundovanın yeni kitabı Azərbaycan oxucularına dəyərli bir hədiyyədir.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад