Главная > Maraqlı > “Keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans
“Keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans8-05-2023, 16:20. Разместил: admin44 |
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı maraqlı mesaj və bəyanatlarla yadda qalıb. İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. Beləliklə, biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənubi Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu. Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək. Əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. Bu, istər hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun. Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada imzalanmışdır. Biz hər zaman İranla əlaqələri inkişaf etdirməyə çalışmışıq və demək olar ki, 20 il ərzində Prezident olaraq mən dəfələrlə İranda rəsmi səfərdə olmuşam. İranın əvvəlki prezidentləri dəfələrlə Azərbaycana səfər edib. Bizim çox fəal ticarət əlaqələrimiz olub. Biz nəqliyyatla bağlı məsələlərdə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fəal işləmişik və düşünürdük ki, bu əlaqələrin böyük potensialı var. Azərbaycanla İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik. Prezident sülh danışıqları haqda danışıb: “Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik". Ceyhun Hüseynov, Masallı RMX İƏ üzrə mütəxəssis “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |