Главная > Maraqlı > Cəmiyyətin bütövləşməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin gördüyü zəruri tədbirlər ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı
Cəmiyyətin bütövləşməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin gördüyü zəruri tədbirlər ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı7-05-2023, 15:59. Разместил: admin44 |
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev azərbaycanlıların milli dövlətçilik düşüncəsini keçən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa çevirmişdir. Ulu Öndər məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm addımlar atmışdır. Əgər Ümummilli Liderimizin hələ respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün ölkəmizin müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğu mümkün olmazdı. XX əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli Lider demişdir: “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”. Ulu Öndər cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını yaratdı, azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Öz fikirlərini ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf strategiyasının və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir: “1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Ümummilli Lider mahiyyət etibarı ilə Azərbaycanın sadəcə müstəqilliyini deyil, eyni zamanda vahid bir ölkə kimi varlığını qoruyub saxladı. Faktiki olaraq, Ulu Öndər artıq dağılmış və parçalanmaq üzrə olan bir dövləti yenidən qurdu. O keşməkeşli illərdə etdiyi çıxışlarından birində Ulu Öndər hər bir vətəndaşda milli vətənpərvərlik hissinin formalaşdırılması və gücləndirilməsi məsələsinin vacibliyini önə çəkərək demişdir: “Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır”. Həqiqətən də müstəqilliyimizin ilk illərində ortaya çıxmış çətinliklərin öhdəsindən ləyaqətlə gələ bilmək üçün xalqı, milləti qələbəyə aparan düşünülmüş strategiya tələb olunurdu. Bu strategiyanın da uğurlu olması üçün onun milli ideyaya əsaslanması zəruri şərtdir. Öz növbəsində milli ideya milli dövlətçilik təfəkkürünə sahib olmayan bir xalqda heç cür formalaşa bilməz. Həmin dövrdə Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində zəruri tədbirlər görərək ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı. Ulu Öndər real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideologiyasının ən effektiv vasitə olduğunu diqqət mərkəzinə çəkərək xalqa müraciətlərindən birində belə demişdr: “Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq.” Məhz bu milli ideyalara əsaslanaraq, Ümummilli Lider 1993-cü ildə qısa zaman ərzində ölkədə başlanmaq üzrə olan vətəndaş müharibəsinin qarşısını aldı, ilk vaxtlarda bir qədər kövrək də olsa ictimai-siyasi sabitliyə nail oldu, milli həmrəyliyi təmin etdi. Bundan az müddət sonra Azərbaycan artıq özünün dinamik inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün yeganə vasitə olduğunu qeyd edərək bunları deyib: “Ümummilli Lider Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. 1998-ci ildə, Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi nitqində Ulu Öndər demişdir: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.” Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz əsaslarını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün artıq dünya ölkələri arasnda da söz sahiblərindən birinə çevrilmişdir. Bu il may ayının 10-da qədirbilən Azərbaycan xalqı özünün böyük xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması yaşadığımız bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Azərbaycanın Avrasiya məkanında getdikcə daha çox aparıcı mövqelərə sahiblənməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələlərində artan rolu Ümummilli Liderimizin müəyyən etdiyi inkişaf strategiyasının doğruluğunu və dönməzliyini bir daha nümayiş etdirir. Rusif Kərimov, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |