Главная > Maraqlı > Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar7-05-2023, 16:59. Разместил: admin44 |
Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türk dilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Bax, bu xüsusiyyətinə görə Ulu öndər həmişə vəzifə pillələrində yüksəlmiş, dövlət təhlükəsizliyi xidmətinin leytenantı rütbəsindən general mayoru rütbəsinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. Komitədə işlədiyi dövrdə kəşfiyyat və əkskəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev lazımi səviyyədə yüksək peşəkarlıqla icra edirdi. Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində separatçı ermənilər tərəfindən başlanmış Ermənistan- Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən bəzi daxili və xarici antiazərbaycan qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan dövlətinin və xalqının, onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin və separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı. Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır. Paşayev Teymur, Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |