Главная > Maraqlı > Ulu önər Heydər Əliyevin 100 illik yübleyi qeyd edilir

Ulu önər Heydər Əliyevin 100 illik yübleyi qeyd edilir


10-05-2023, 16:09. Разместил: admin44

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100- cu ildönumu ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd edir.
           
Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Fəaliyyəti ilə zaman və məkanın fövqündə dayanan tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığı təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir.
         
Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndiril- məsində ən obyektiv istinad yeridir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.. Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür.
               
Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Ulu Öndərin tarixi missiyasının ən parlaq dövrü isə 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlamışdır.  Xalqımız 1991-ci ildə   müstəqilliyinə qovuşsa da bu sevinci ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadı. Dahi şəxsiyyət o çətin illərdə xalqının səsinə səs verməklə bir daha Vətən, xalq, dövlət məfhumlarının onun üçün nə qədər əziz olduğunu göstərdi. Ümummilli Liderin aforizmə çevrilən “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir” tezisi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin, qorunmasının önəminə işıq saldı. Xalqımız Heydər Əliyev yolunun ölkəmizə qazandırdığı uğurları gördükcə sabaha daha böyük ümidlərlə addımladı. Vətənini, ölkəsini, xalqını sevən liderə milyonların sevgisi şəksizdir.
           
Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşdı.
           
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi rifah halının qayğısına qalıb. "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".
               
Ulu öndərin siyasi kursunun uğurlu davamçısı İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu ilbəil artır. Müəllimlər cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var. Dövr nə qədər inkişaf etsə də, heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz.
             
Ümummilli Liderin həyat yolu bizim üçün bir örnəkdir. Ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, bu dahi şəxsiyyətin adını və əməllərini daim qəlbimizdə yaşadırıq.



Şükürova Aytən,
Dəmirçi kənd ümumi orta məktəbinin direktoru





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад