Главная > Maraqlı > Həyatı sevən və sevdirən ziyalı

Həyatı sevən və sevdirən ziyalı


16-05-2023, 08:59. Разместил: admin44

Mənə Ağacəfər müəllim haqqında yazmağı təklif edəndə bir anlıq xəyalım keçmişə qayıtdı.
    
Haqqında kitab yazmağa, xoş sözlər deyilməyə özündən əvvəlkilərin əbədiyyat haqqını qananlar layiqdir. Onlardan biri də Ağacəfər müəllimdir.
   
 Son illər pedaqoqlarımız haqqında çıxan xatirələr toplularını oxucular tərəfindən bəyənilir və maraqla qarşılanır. Belə bir kitab bu yaxınlarda Ağacəfər müəllimin həmyerlisi, Masallı rayonunun Lürən kəndindən olan riyaziyyat müəllimi Möhübbət Nurullayevin 85 illiyi yubileyinə həsr edilmişdir. Bu kitaba ən isti münasibət bəsləyənlərdən biri məhz Ağacəfər müəllim oldu. Özünün redaktorluğu ilə hamının zəhmətinə əhsən dedi, bu savab işə çox sevindi, dəyərli məsləhətlər verdi...
   
 Uzun müddət təhsil fədaisi kimi respublikada  tanınan alim haqqında yazmaq heç də asan deyildir. Lakin ona qarşı olan hörmətimiz bu sətirləri yazmağa köməklik etdi. Ağacəfər müəllim haqqında kitab da yazsan azdır. Çünki bu insan daim mübarizədə olub və bu yolda daha da mətinləşib. Əsil ziyalıya, kişiyə mənsub olan bütün xüsusiyyətləri özündə cəmləşdirib.
   
Ağacəfər müəllim haqqında dərk etdiyim və bacardığım qədər bir neçə söz demək istəyirəm. Ağacəfər müəllim özünün mənalı ömrü və cəmiyyətdə böyük hörməti və nüfuz qazanmış gözəl ziyalı, kamil insan, parlaq bir şəxsiyyətdir. Ulu Tanrı ona dahilərə xas olan gözəl keyfiyyətlər bəxş etmişdir. O, hər şeydən əvvəl mərddir, dəyərli məsləhət verən, doğru yol göstərəndir, dediyinə əməl edən, sözündən dönməz, haqqı-nahaqa verməz, dosta sədaqətlidir. Səxavətli, əliaçıq bir insandır, imkanı daxilində hamıya kömək edər.
    
Ağacəfər müəllim gözəl alimdir, tarixçidir, öz peşəsinin mahir bilicisidir, qabaqcıl təhsil fədaisi, elm xadimidir. Alim ömrünün elm işıqları çoxdur, birləşib gürlaşır, həyatımızı, ömrümüzü mənalandırır. Hamı onu örnək, məsləhətçi, elm, bilik xəzinəsi sanır. Elmdə irəli getməyi, uğurlar qazanmağı Ağacəfər müəllimdən öyrənirlər.
    
Əslində mənə elə gəlir ki, doğulub dünyaya gəlməkdə özünün məqsədi olsaydı, deyərdim ki, Ağacəfər müəllim dünyaya elm öyrənmək və öyrətmək üçün gəlib. Bu fikir mənim kəşfim deyil. Auditoriyalarda, kafedralarda bu sözlər tez-tez səslənir.
    
Yazıda sərlövhəni də təsadüfü seçməmişik. MirCəfər kişinin böyük oğlu Ağacəfər müəllim belə insandır, ziyalıdır. Bir məşhur mahnıda deyildiyi kimi:
           "Həyat, söylə, sən kiminsən?
            Mən həyatı öyrənənin..."
    
Həyatı, insanları çox sevir Ağacəfər müəllim! Dostluq etdiyi insanları özünə qardaş bilib, onları qardaşlarından ayırmayıb. Yaşıdlarına "qardaş" deyəndə qəlbində qardaşlıq məhəbbəti göyərir, dilində bu sözün şəhdi-şəkəri hiss olunur, dodaqlarında gülüş, təbəssüm görünür. Özündən kiçiklərə "qardaşoğlu" deyə müraciətində də səmimiyyət, məhəbbət, doğmalıq hiss edirsən.
    
Bəli, Ağacəfər müəllim doğma, çiçəklənən yurdumuzun aparıcı ziyalısıdır. Masallı rayon ictimaiyyətinə tanış şəxsiyyətdir. Bu hörməti şəxsi nümunəsi, müəllimlik fəaliyyəti, nüfuzu ilə qazanıb, taleyinə çətin günlər də yazılıb. Bir insan ömrünü yaşadıqca əziyyət də görürsən. Uşaqlığının xoş xatirələri də olub, dumanlı xatirələri də. Bu barədə özü ilə söhbət edərkən eşitdim...
   
 Ağacəfər müəllim onun haqqında yazmaq məqsədimi özünəməxsus, fərəhlə, xeyirxahlıqla qarşıladı. Bu Paşayevlər nəslin əsil xüsusiyyətlərini göstərdi. Hamı belədir. Bir xeyirxah işə, el-obanın xeyrinə yönəlmiş əmələ ürəkdən xeyir-dua vermələri var. Ağacəfər müəllim ənənəyə sadiq qaldı.
    
Müəllimlə Bakı şəhərində telefonla zəngləşib görüşəndə ürəkdən dedi: "Gözəl məqsəd seçmisən. Masallıda ziyalı kimi sayılıb-seçilən, el-obanın gözünə çıraq olacaq yaxşı insanlar çox olub, indi də var. Onları axtarmaq, sözlə portretini çəkmək yaxşı əməldir. Səni alqışlayıram, İsa müəllim. Nə kömək lazım olsa,  hazıram."
    
Bu sözlər məqsədə gedən yoluma qüvvət verdi. Bildim ki, məqsədim ziyalı insanların ürəyincədir. Elə çay süfrəsində görüş zamanı Ağacəfər müəllimin həyatına dair bəzi suallar verdim...
   
 Tətcümeyi-halı ilə tanışam. Çap olunan elmi kirabları görüb oxumuşam. Haqqında xoş, yaxşı sözlər eşitmişəm. Ailənin ilk oğul övladıdır. Nəslə, soy-kökə aid bütün yaradıcılıq, xeyirxah işlər onun xarakterində cəmlənib.
    
Paşayevlər ailəsinin mənə məlum olan tərcümeyi-halı bu kiçik səhifədə sığışsa da, onların elin, obanın yaddaşlarında qalan xatirələri çoxdur. Yaşadıqları dövrdə ictimaiyyətə dərindən nüfuz etmiş, cəmiyyətin aparıcı qüvvəsi kimi rayonumuzun inkişafında xüsusi rolları olduğundan, çox insanın qəlbində bu nəslin övladları barədə xatirələr var...
    
MirCəfər kişinin, övladlarının, nəvələrinin, ümumiyyətlə bu Seyidlər ocağından hərarət alanların sözü-söhbəti bir kitaba sığışan deyil.
   
ƏMƏK KİTABÇASINDAN SƏTİRLƏR:
PAŞAYEV AĞACƏFƏR MİRCƏFƏR OĞLU 
15 may 1947-ci ildə Masallı rayonunun Pircana kəndində anadan olmuşdur. 1965-ci ildə Bədəlan kənd orta məktəbini bitirmişdir. 
   
 1966-1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil almışdır. 
    
Əmək fəaliyyətinə Tarix İnstitutunun orta əsrlər arxeologiya şöbəsində laborant kimi başlamışdır. Sonrakı illərdə Mərkəzi Dövlət Səsyazma Arxivində kiçik elmi işçi, böyük elmi işçi, 1972-ci ilin 25 oktyabrına kimi Bakı Bədən Tərbiyəsi Texnikumunda müəllim işləmişdir. 
   
 1972-ci ilin 29 dekabrında ordu sıralarına çağırılmış, 6 dekabr 1973-cü ilə kimi (1 il) Almaniyada - sovet hərbi qoşunları sırasında baş leytenant rütbəsində xidmət etmişdir. 
    
1973-2008-ci illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda (sonralar Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci) tarix və ictimaiyyət müəllimi, sosial-iqtisadi və ümumtəhsil fənn birliyinin sədri, 15 sentyabr 2008-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının "İctimai elmlər (indiki "Sosial elmlər") kafedrasında baş müəllim, dosent əvəzi, 06 sentyabr 2016-cı ildə sosial elmlər kafedrasında dosent vəzifəsində işləyir.
    
Ağacəfər Paşayev tarix üzrə fəlsəfə doktoru, dosentdir. 
 Bir neçə elmi əsər və vəsaitlərin, bədən tərbiyəsi və idman sahəsində Elmi Tədqiqat işlərinə həsr edilmiş konfrans materiallarının ("Nərgiz" nəşriyyatı), "Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixindən (XVIII - 1920-ci illər. Dərs vəsaiti) kitabının müəllifidir. 
  
 Dövri mətbuatda, jurnallarda çıxışları vardır. "Azərbaycan müəllimi", "Bakı, "Ədəbiyyat və incəsənət", "Sovet Gürcüstanı",  "Çağırış", "Yeni həyat", "Yeni Şirvan" qəzetlərində, "Azərbaycan qadını", "Elm və həyat" jurnallarında məqalələri dərc edilmişdir.
   
 "Ədəbiyyat və incəsənət" qəzetinin 13 fevral 1971-ci il tarixli nömrəsində Respublika Mərkəzi Dövlət Səsyazma Arxivinin baş elmi işçisi Ağacəfər Paşayevin "Mirzə Güllər xanımın taleyi" adlı məktubu dərc edilmişdir. 
    
Tarix üzrə fəlsəfə doktoru, dosent Ağacəfər  Paşayevin 30 mart 2018-ci ildə "Azərbaycan müəllimi" qəzetində "Erməni vandallarının görünməmiş vəhşilikləri" yazısı çap olunmuşdur. 
    
A. Paşayev Yeni Azərbaycan Partiyasının üzvüdür. 
 Respublikamızın paytaxtında yaşayır. Ailədə gözəl, mehriban ailə başçısı, qayğıkeş ata, müdrik babadır. Bir qızı, bir oğlu, bir nəvəsi var.  Ağacəfər müəllimin həyat yoldaşı Paşayeva Elmira Sadıx qızı (1949-04.09.2016)dünyasını dəyişib. 
   
 Qızı Elnarə xanım 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakıdakı 46 nömrəli orta məktəbi qızıl medalla qurtarıb. Testin birinci ilində ən yüksək balla 1992-ci ildə indiki Slavyan Universitetinə qəbul olub, oranı da qırmızı diplomla bitirib, aspiranturaya - Rumıniyaya göndərmək istəyirdilər. Ailə vəziyyəti ilə bağlı gedə bilmədi. Bir müddət atasının iş yerində çalışdı, sonra Turizm İnstitutunda işlədi. Çoxlu metodiki işlərə aid kitablar yazd...
    
Oğlu İlqar Paşayev 1978-ci ildə anadan olub. Q da 46 nömrəli orta əla qiymətlərlə başa vurub. Universitetdə hüquq və iqtisadiyyatın tənzimlənməsi fakültəsini bitirib. Ali təhsillidir. Hüquq - iqtisadiyyatçıdır. Öz ixtisası üzrə işləyir.  
    
Nəvəsi Seyid Rəsul Paşazadə İlqar oğlu 1998-ci ildə anadan olub.  24 yaşı var. Kiyev və Texnologiya Universitetində IV kursun axırıncı semestrində müharibə başladı. Axırıncı kursu qalıb, nə vaxt bərpa olunacaq, hələ məlum deyil. 
   
Ağacəfər müəllim haqqında çox yazmaq da, danışmaq da mənim üçün həmişə xoşdur, həm çətindir. O, elə bir zirvəsinə ki, gərək o zirvəyə layiq tərif tapacan və ona mənəvi haqqın ola. Ağacəfər müəllimdə yüksək şəxsi keyfiyyətlər var. O, əməlində düz adamdır.
    
Bəli, Ağacəfər müəllim yeniliyi, novatorluğu sevən insandır. Daima axtarışdadır, axtarır, pisi və yaxşısını üzə çıxarır. Pisi tənqid yaxşısını müdafiə edir. O, məsrəfi və məsrəfçiliyi sevən deyil! İnsanlara qayğı göstərməyi bacarır, qaydasında, ölçüsündə. O, fəxr ediləsi insandır, pedaqoqdur, kəndçi, elli, həmvətənli, ən başlıcası Azərbaycanlıdır. Ağacəfər müəllim respublikamızın çiçəklənməsi üçün çalışmış və çaışmaqdadır.
    
Tarix üzrə fəlsəfə doktoru, dosent Ağacəfər Paşayevə bu yolda cansağlığı, uğurlar və bundan sonra da şərəfli, şəfəqli həyat yolu arzulayırıq!
   
Doğum gününüz mübarək olsun, Ağacəfər müəllim! Allah Sizi qorusun, ağsaqqallıqdan əskik eləməsin!
                                   

İsa Hüseynov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад