Главная > Maraqlı > Şəhid Araz Seyfullayevin xatirəsi anılıb

Şəhid Araz Seyfullayevin xatirəsi anılıb


25-05-2023, 19:20. Разместил: admin44
 
22 yaşı tamam olacaqdı...
 
Masallıda, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış “Azərbaycan Bayrağı” ordenli  Araz Seyfullayevin doğum günü ilə bağlı anım mərasimi keçirilib.
Tədbir şəhidin məzunu olduğu təhsil ocağında – Birinci Qarabağ müharibəsi şəhidi Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbində keçirilib.

Anım mərasimində məktəbin müəllim və şagirdləri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Araz Seyfullayevin qəhrəmanlığından və vətənpərvərliyindən söz açan məktəbin direktor müavini Rahid Məmmədov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Arazın sinif rəhbəri olmuş veteran müəllim, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədr müavini Solmaz Rəsulova, Masallı şəhər sakini Mirnizam Vahabov, məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Rafiq Abbasov, şəhidin adını daşıyan 4 “a” sinfinin rəhbəri Ülviyyə Abbasova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə yenilməz Ordumuzun əsgər və zabitlərinin şücaətindən danışaraq, Araz kimi tarix yazan qəhrəmanlarımızın uyuduqları məkanın bu gün and yerinə, ziyarət məkanına çevrildiyini diqqətə çatdırıblar.

Bildirilib ki, qazandığımız böyük Zəfərə görə canından keçərək şəhidlik zirvəsinə ucalan oğullarımıza, onların valideynlərinə, sağlamlıqlarını itirən qazilərimizə bir ömür boyu minnətdarıq.

Ölkə başçısının rəhbərliyilə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə edən şəhidin anası Günay Seyfullayeva, qardaşı Murad Seyfullayev tədbirin təşkilatçılarına minnətdarlıqlarını, torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən Araz kimi igidlərimizlə fəxr etdiklərini bildiriblər.

Şəhidin təhsil aldığı məktəbin şagirdləri şəhidlərimizə, Vətənə, torpağa həsr edilmiş şeirlər və nəğmələr səsləndirib, Arazın qəhrəmanlığını tərənnüm edən, iştirakçılara kövrək anlar yaşadan ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonda şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub. 2018-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbini bitirib. Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində Uşaq-Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirməsi kimi dəfələrlə rayon və zona yarışlarının iştirakçısı və mükafatçısı olub. 2019-cu ilin iyulunda çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 2019-cu il oktyabrın əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılıb.
A.Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edib. Oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Şəhidin nəşi 8 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər Digah qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.
Respublika Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
 



Akif VAQİFOĞLU
 

“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад