Главная > Mədəniyyət > Masallıda III Respublika Xalq Teatrları Festivalının seçim mərhələsi keçirilib

Masallıda III Respublika Xalq Teatrları Festivalının seçim mərhələsi keçirilib


17-04-2019, 22:50. Разместил: yeni321
Masallıda III Respublika Xalq Teatrları Festivalının seçim mərhələsi keçirilib

Aprelin 17-də Masallı rayonunda III Respublika Xalq Teatrları Festivalının növbəti seçim mərhələsi keçirilib.
“Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq keçirilən festivalın seçim mərhələsində Masallı, Lənkəran və Biləsuvar regional mədəniyyət idarələrinin tabeliyində olan mədəniyyət mərkəzləri, evləri və klublarında fəaliyyət göstərən xalq teatrı kollektivləri iştirak ediblər.
Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən festival iki – seçim və final mərhələlərindən ibarətdir. Xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması festivalın əsas məqsədləridir.
Masallı Mədəniyyət Evinin səhnəsində Masallı Xalq Teatrı İbadulla Hüseynzadənin “Qaçqın gəlin” (1 pərdə, 5 şəkilli), Astara rayon Kakalos kənd Mədəniyyət Evinin nəzdindəki Şəhriyar adına Xalq Teatrı S.Rəhmanın “Xoşbəxtlər”(komediya) və F.Həsənqızının “Xocalı” (ədəbi-bədi kompozisiya), Biləsuvar rayon “Pəncərə” teatr studiyası N.B.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” (1 pərdəli), Salyan rayonunun “Güzgü” Miniatür Xalq Teatrı Anarın “Asılqanda işləyən qadın” (15 dəqiqəlik parça), M.Atəşin “Qaynana və gəlinlər” (səhnəcik), Cəlilabad Xalq Teatrı İ.Abdullanın “Biz qayıdacağıq, Xocalı” (1 hissəli faciə) tamaşaları ilə çıxış ediblər.
Xalq teatrlarının çıxışlarına münsiflər heyəti – Şuşa Dövlət Dram Teatrının baş rejissoru, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Loğman Kərimov (sədr), Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Azad Şükürov, “Ədəbiyyat” qəzetinin məsul katibi, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, teatrşünas, Əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev (üzvlər) tərəfindən  baxış keçirilib.
Seçim mərhələsi çərçivəsində peşəkar rejissor, aktyorlar tərəfindən xalq teatrlarına ustad dərsləri keçirilib. Dərslərdə səhnə mədəniyyəti, jestlər, mimikalar, səsləndirmə və hərəkətlər izah edilib, tamaşalara quruluş verilməsi zamanı xalq teatrlarının rejissorlarına müasir dövrün tələblərinin nəzərə alınması, etik qaydalar, tamaşaçıları ilə ünsiyyətin qurulması üçün cəhdlərin göstərilməsi tövsiyyə edilib. Həmçinin, festival ərəfəsində oynanılan tamaşalarda görülən kiçik qüsurların düzəldilməsi üçün yanmaşma tərzləri izah edilib. Ustad dərslərində iştirak edən xalq teatları kollektivlərin rejissor, bədii rəhbər və üzvləri həvəskar teatr kollektivlərinə göstərilən qayğı və diqqətə, onların potensialının üzə çıxarılması üçün təşkil edilən festival, müsabiqələrə, həmçinin peşəkarlıqlarının artırılması üçün dəstəyə, ustad dərslərinə görə təşəkkürlərini bildiriblər.
Masallı Rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılovun verdiyi məlumata görə baxış-müsabiqənin qalibi olan Xalq teatrı kollektivi Bakı şəhərində keçiriləcək festivalın final mərhələsinə vəsiqə qazanacaq.
Festivalın seçim mərhələsi çərçivəsində Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan “Halay” folklor kollektivinin, eləcə də Masallı və Cəlilabad rayon Mədəniyyət Mərkəzlərinin oğlan və qızlardan ibarət rəqs kollektivlərinin çıxışlarına da baxış keçirilmişdir.
 













 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад