Главная > Mədəniyyət > Şairin yeni kitabının təqdimatı

Şairin yeni kitabının təqdimatı


3-05-2019, 15:51. Разместил: yeni321
Şairin yeni kitabının təqdimatı

Mayın 2-də Masallı Dövlət Regional Kollecində şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağayevin (Ağa) “Hər görüşdə ayrılıq var...” kitabının təqdimatı olub.
Ziyalıların, yaradıcı insanların, rayon təhsil şöbəsi əməkdaşlarının, kollecin müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov açıb. O, kitab haqqında və müəllifin yaradıcılığı barədə məlumat verib. “Hər görüşdə ayrılıq var...”ın sayca şairin yeddinci kitabı olduğunu söyləyib, təqdim olunan kitabda müəllifin əsasən şeir, qəzəl və poemaları yer aldığını deyib.
“Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Respublika Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) rayon təşkilatının sədri Səfail Eyvazov, Lənkəran Dövlət Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə elmləri doktoru, dosent İqbal Əmənullayev, Lənkəran Dövlət Humanitar Kollecin direktoru, riyaziyyat üzrə fəlsəfə elmləri doktoru, dosent Ruslan Həmidov, Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbinin müəllimi Zaur Novruzov və digər oxucular müəllif haqqında xoş sözlərini dilə gətirib, kitabla bağlı fikirlərini bölüşüb, 62 yaşının tamam olması münasibətilə Nurməmməd Ağanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Yeni kitabın məziyyətlərindən söhbət açan natiqlər bildiriblər ki, şeirlərin hər birində şairin vətəndaşlıq mövqeyi, doğma yurda tükənməz sevgisi diqqətçəkicidir. Şairin fərdi yazı üslubunda təqdim etdiyi yeni fikirlər, ustadyanə tərzdə istifadə etdiyi bədii təsvir vasitələri, folklor ənənələrindən qidalanması təqdirəlayiqdir.
Kollecin müəllimi Camaləddin Əliyevin rəhbərliyilə tələbələrin ifasında müəllifin şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.
Müəllif Nurməmməd Ağa tədbirin təşkilatçılarına və görüşə toplaşanlara minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub, kitab nüsxələrini imzalayaraq oxuculara təqdim edib.
Sonda şairə ad günü münasibətilə hədiyyələr, eləcə də “Masallı ziyalıları” İB-nin və TİAHİ-nin Fəxri fərmanları təqdim edilib. 
                


 

Akif AĞAYEV,
“Yeni həyat”,  
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад