Главная > Mədəniyyət > “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Masallıda

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Masallıda


4-05-2019, 10:00. Разместил: admin44
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Masallıda

Ənənəvi mədəniyyət bayramı – “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti tədbiri Azərbaycanın səfalı və füsunkar guşələrindən olan Masallı rayonunda keçirilib.
Mayın 3-də Masallı şəhərində təşkil olunan festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, bir neçə ölkənin Azərbaycandakı səfirliyinin təmsilçiləri və rayon sakinləri iştirak ediblər.
Festival ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunan yürüşlə başlayıb. Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyindən start götürən yürüş “ASAN xidmət” Mərkəzinin qarşısında başa çatıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov "Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının əhəmiyyətini yüksək qiymətləndirib. İcra başçısı bildirib ki, festival Azərbaycanın Respublikasının bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa və ayrı-ayrı bölgələr arasındakı mədəni mübadiləni daha da gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaratmağa şərait yaradır.
Sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi çadırları “ASAN xidmət” Mərkəzinin qarşısında qurulub.
Sərgidə metalişləmə sənətinin fərqli texnika və üsulları ilə hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq və s. sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib. Sərgi çərçivəsində “ABAD” Mərkəzi də sənətkarlıq nümunələrini nümayiş etdirib.
Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqətini cəlb edib.
2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi ilə əlaqədar festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.
Yaradıcılıq Festivalının bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, o cümlədən Masallının “Halay” folklor kollektivinin bir-birindən maraqlı rəqs nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə, həmçinin qonaqlara cənub mətbəxinin ləziz təamları təqdim olunub.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı keçirilir.
Qeyd edək ki, festivalın mayın sonunda başa çatdırılması planlaşdırılır.
 



 
 





 

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад