Главная > Mədəniyyət > Tanınmış jurnalist Rəsul Rzayev doğum günündə yad edildi

Tanınmış jurnalist Rəsul Rzayev doğum günündə yad edildi


17-05-2019, 22:19. Разместил: yeni321
Tanınmış jurnalist, şair-publisist Rəsul Rzayev doğum günündə yad edildi

Bu gün, mayın 17-si  mərhum jurnalist, şair-publisist Rəsul Müzəffər oğlu Rzayevin (1948-04.01.2019) doğum günüdür.
Anım günü ilə bağlı Masallı şəhər Ağsaqqallar Klubunda keçirilən tədbirə rayon ziyalıları, ictimaiyyət nümayəndələri, ağsaqqallar və şairin qohumları, qələm dostları toplaşmışdı.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist, III dərəcəli “Vətənə xidmətə görə” ordenli dövlət qulluğu  veteranı Ələşrəf Niftiyev yazarın həyat və yaradıcılığından danışdı.
“Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev mərhum həmkarının insani keyfiyyətlərindən, onun Masallı ədəbi mühitinin inkişafındakı rolundan bəhs etdi.
“Tərəqqi” medallı jurnalist Əyyub Mehdiyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon təşkilatının sədri Səfail Eyvazov, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, “Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev, əmək veteranı, biologiya üzrə fəlsəfə doktoru Sabir Fərəcov, şair Dadaş Məmmədov, ağsaqqallardan Ağamməd Nuriyev, Həmdulla Məmmədov, dostlarından Eyvaz Məcidov, Şakir Mahmudlu, Əfrail Fərziyev, müəllimlər Ədalət İsayev, İdrak Əkbərli və başqaları bölgənin tanınmış jurnalisti Rəsul Rzayevlə bağlı xatirələrini bölüşüb, bu unudulmaz insanın hər zaman dostlarının, sevənlərinin, yaddaşında, qəlbində əbədi yaşayacağını vurğuladılar.
Qələm dostları şairin şeirlərindən və ona həsr olunmuş şeirlərdən parçalar səsləndirdilər.
Tədbirdə şair-publisitin kitabları, haqqında portret-məqalələr dərc edilmiş qəzetlərdən ibarət stend də nümayiş olundu.
Masallı Dövlət Regional Kollecinin tələbələrinin və Xocavar kənd tam orta məktəbinin şagirdlərinin ifasında şairin seirlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olundu.
Mərhum jurnalistin qardaşı Böyükxan Rzayev, oğlu Xanlar Rzayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirdilər.
Sonda anım tədbiri iştirakçıları şair-publisistin anadan olduğu Qasımlı kəndindəki məzarını ziyarət etdilər.
Məlumat üçün bildirək ki, nüfuzlu ziyalı, tanınmış jurnalist-publisist, SSRİ Jurnalistlər İttifaqı və AJB-nin üzvü olmuş, 1977-ci ildən 2019-cu ilə kimi Masallı RİH-in orqanı olan “Yeni həyat” qəzetinin baş redaktorun müavini işləyən Rəsul Müzəffər oğlu Rzayev 4 yanvar 2019-cu ildə 71 yaşında vəfat etmişdir.
17 may 1948-ci ildə Masallı rayon Qasımlı kəndində anadan olmuş Rəsul Rzayev 1965-ci ildə Yeddioymaq kənd orta məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini, 1977-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. Qasımlı və Yeddioymaq kənd orta məktəblərində müəllim, Masallı rayon Komsomol Komitəsində işləyib. Masallıda çıxan “Çağırış” (indiki "Yeni həyat") qəzeti redaksiyasında baş ədəbi işçi, məsul katib, baş redaktor müavini işləmişdir. “Rabitə dünyası”, “3-cü hədəf” qəzetlərində bölgə müxbiri kimi çalışmışdır. 20-dən artıq şeir, hekayə, publisistik kitabın müəllifidir, 50-ə yaxın kitaba redaktorluq edib. Şeirləri dövrü mətbuatda, almanaxlarda çap olunub. “Qızıl qələm”, H.B.Zərdabi media mükafatları laureatıdır.


Akif VAQİFOĞLU,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад