Главная > Mədəniyyət > Masallıda “Nəsimi irsi” mövzusunda tədbir keçirilib
Masallıda “Nəsimi irsi” mövzusunda tədbir keçirilib30-05-2019, 16:57. Разместил: yeni321 |
Masallıda “Nəsimi irsi” mövzusunda tədbir keçirilib Mayın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı aparatında Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. “Nəsimi irsi” mövzusunda təşkil olunan tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin böyük mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın, mədəniyyətə, şeirə, sənətə böyük diqqətin təzahürüdür. Seyfəddin Əliyev qeyd edib ki, ana dilli poeziyamızın inkişafında müstəsna rol oynayan, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü təbliğ edib, əbədi yaşayacaq bədii irs yaradıb. Söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş filosof şair yalnız Azərbaycanın deyil, eləcə də türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verib, yaradıcılığı ilə bütövlükdə klassik Şərq poeziyasına ciddi təsir göstərib. Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır: “Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ümummilli lider Heydər Əliyev tərəfindən atılıb. Ulu öndərin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib, 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub və ölkəmizdə ilk dəfə Nəsiminin abidəsi ucaldılıb. Hürufiliyin aparıcı simalarından olan Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldırıb. Tədbirdə çıxış edən Nurməmməd Ağayev İmadəddin Nəsiminin əsərlərində dövrün mütərəqqi fikirlərinin tərənnüm edildiyini, böyük Nizaminin Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları inkişaf etdirərək öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən fədakar bir sənətkar olduğunu qeyd edib. Ülviyyə Məmmədova, Nəcəfqulu Quliyev, Məhbubə Şahbazova və başqaları çıxış edərək, fəlsəfi və lirik şeirlər müəllifi İmadəddin Nəsiminin Azərbaycan milli ədəbi dilinin zənginləşdirilməsi, saflaşdırılması yönümündə mühüm xidmətlərindən bəhs ediblər. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |