Главная > Mədəniyyət > Aqillik zirvəsində

Aqillik zirvəsində


10-06-2019, 15:18. Разместил: yeni321
Şeyxülislam Allahşükür Paşazadə - 70

Aqillik zirvəsində

 
Müstəqillik dövründə din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. Ulu öndərin böyüklüyü onda idi ki, o bütün dinlərə eyni nəzərlə yanaşır, xalqımızın milli-mənəvi dəyərlərinə xüsusi diqqət və ehtiram göstərirdi. Bu ənənə hazırda ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir.
Son illər ərzində dövlət-din münasibətlərində müsbətə doğru atılan addımlar, dövlətimizin din xadimlərinə diqqət və qayğısı, dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması üçün dövlət tərəfindən dini icmalara maliyyə yardımının ayrılması əhali və ruhanilər tərəfindən böyük rəğbətlə qarşılanır.
Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmiz multikulturalizm mərkəzi kimi din xadimlərinin iştiraki ilə bir sıra tədbirlərə ev sahibliyi edir.
Əlamətdar günlərdə - hörmətli şeyximizin 70 illik yubileyi və Ramazan ayı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzovla görüşüb, ondan Qafqaz müsəlmanlarının XII Şeyxülislamı Hacı Allahşükür Paşazadə haqqında təəssüratlarını öyrənməyə çalışdıq. Qazı dedi:
— Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında 9 aprel 2019-cu il tarixli Sərəncam imzalayıb. Y ubiley tədbirləri çərçivəsində bu il noyabrın 14-15-də ölkə paytaxtında növbəti beynəlxalq sammit – “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək .
Azərbaycanda dini tolerantlıq mühitinin qorunub saxlanmasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xüsusi rolu var. Bu istiqamətdə Şeyxülislam Hacı Allahşükür Paşazadənin fəaliyyəti ən dəyərli nümunədir.
Aqillik, ağsaqqallıq ömrün elə bir zirvəsidir ki, qocalıb yaşa dolsa belə hər kəsə nəsib olmur. Bütün Qafqazın Şeyxi nüfuzlu tədbirlərə dəvət alır. Dünyanın çox ölkələrində olur. Hər tədbirdə onlarca millətin dini liderləri, dövlət rəsmiləri ilə görüşür. Hər məmləkətdə hörmətlə qarşılanır. Bu, güclü Azərbaycanımızın Cənubi Qafqazın lider dövləti, onun güclü rəhbərinin beynəlxalq aləmdə söz sahibi olmasından, eyni zamanda möhtərəm şeyximizin nüfuz və hörmətindən xəbər verir.
Şeyxülislamla ilk tanışlığım yeniyetməlik çağlarından başlayıb. Onunla birlikdə bir müddət Biləsuvar rayonunda, Molla Hüseyn Axundun yanında dini təhsil almışıq. O vaxtlar şeyxin 13 -14 yaşı olardı, atası Hümmət kişiylə birlikdə gələrdi. Müəllimimiz vəfat etdikdən sonra Şeyx Qələm Axunddan, Şeyx Rəhmət Axunddan dərs aldıq. Birgə təhsil aldığımız illərdən müsbət keyfiyyətlərə malik bu səmimi insan yüksək əxlaqı, zəkası, eyni zamanda həmkarına sədaqəti, diqqətcilliyi ilə yaddaşıma hopub. İllər ötdükcə əlaqələrimiz də genişlənib. Sonra isə o, Özbəkistanda – Buxara və Daşkənddə təhsilini davam etdirdi. Ali dini təhsilə yiyələndikdən sonra Vətənə döndü.
Belə bir deyim var, soruşurlar qardaşın kimdir, deyir yol yoldaşı olmamışam. Məkkədə, 1990-cı ildə bir yerdə Həcc ziyarətində olanda onu daha yaxından tanıdım. Bu ehtiramlı, hörmətli insan özündən çox yoldaşını dəyərləndirir, qiymətləndirir. Məkkədə tuneldəki qəza zamanı ( Məkkədən Minaya aparan tuneldə 1427 zəvvar həlak olmuşdu) birlikdəydik. Müqəddəs, şərəfli səfər ərəfəsində bu gözəl insanla daha yaxından ünsiyyətdə olduğum anlar ömrünün silinməz tarixinə çevrilib.
Şeyx həzrətləri dəfələrlə bizdə, Masallıda olub, oğlumun, qızımın toyunda, anamın, eləcə də ustadımız Şeyx Məhəmmədin dəfnində iştirak edib, tanınmış din xadimləri ilə əzadarlığa qatılıb. QMİ sədrinin müavini Fuad Nurullayev mənim 70 illik yubileyimdə iştirak edib.
1996-cı ildə bu vəzifəyə təyin ediləndə də Şeyxülislam məni Bakıya çağırdı, bu məsuliyyətli işin öhdəsindən yalnız sən gələ bilərsən, dedi. Bölgənin tanınmış ruhanilərini çağırıb məşvərət-iclas keçirtdik. Şeyx Məhəmməd, Hacı Müzəffər Axund, Hacı Əlihəsən, Hacı Əshab, Hacı Mirkərim Ağa və başqaları yekdilliklə məni dəstəklədilər.
1990-cı ilin 20 Yanvar şəhidlərinin dəfn mərasimi hamımızın SSRİ hakimiyyətinə, əli xalqımızın günahsız qanına batmış Mixail Qorbaçova sonsuz nifrət və etirazımızın nümayişinə çevrilmişdi. Milyonlarla insanın qatıldığı nəhəng dəfn izdihamını idarə etmək məsuliyyəti Şeyxin çiyinlərinə düşmüşdü. Hətta bəzi “məmur”larımız iddia edirdilər ki, biz deyəni, Moskva “məsləhət” biləni edin. Bu cəsarətli insanın – Şeyxülislam Allahşükür Paşazadənin, bütün təhdid və təzyiqlərə baxma dan şəhidlərimizə sahib çıxması, dəfn mərasiminə rəhbərliyi, xalq kütləsinə öncüllüyü müstəqillik tariximizin şanlı səhifəsidir, desək yanılmarıq.
O ağrı-acılı günlərimizdə ümummilli lider Heydər Əliyev Moskvada – cinayətkarın doğma ünvanında 20 Yanvar faciəsinə öz hiddət və etirazını bildirməklə dünya ictimaiyyəti qarşısında SSRİ rəhbərliyini ifşa etdi. Respublika rəhbərliyinin qaçıb gizləndiyi bir zamanda şeyxin SSRİ prezidenti Qorbaçovu ittiham edən sərt bəyanatı, bütün dövlətlərin və dinlərin başçılarına göndərilən müraciətləri dünyada böyük əks-səda doğurdu. Bu, SSRİ tarixində din xadiminin qorxmadan sovet rəhbərini lənətləyən ilk bəyanatı idi. Bundan iki ay sonra Allahşükür Paşazadə M.Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz edərək SSRİ xalq deputatı mandatından imtina etdi. Onu da qeyd edək ki, Şeyxülislam 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimi idi.
Ulu öndər hakimiyyətdə olduğu bütün dönəmlərdə respublikamızda müqəddəs pirlərə, dini abidə və ziyarətgahlarımıza xüsusi diqqət ayırıb. Bu gün də ölkə rəhbərinin tapşırığı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycandakı məscid və dini abidələrimiz bərpa edilir.
17 fevral 2016-cı il tarixdə Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olan ölkə Prezidenti cənab İlham Əliyevin respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşündə mən də iştirak edirdim. Görüşdə maraqlı məqamlardan biri də o oldu ki, hörmətli şeyximiz çıxışında 1976-77-ci illərdə , “İmamzadə”nin məhv edilməsinin qarşısının alınmasında özünün təşəbbüsü, Heydər Əliyevin köməyindən bəhs etdi : Gəncədəki bir qrup ateist-kommunistlər mövhumat bəhanəsilə Moskvadakı himayədarlarına müraciət-tələb göndərir və yuxarıdan “müsbət” cavab – bu müqəddəs ziyarətgahın sıradan çıxarılmasına dair möhürlənmiş sənəd alırlar. Bu, gənc dindar Allahşükür Paşazadəni bərk narahat edir, çıxış yolunu tapmaq onunçün çətin və təhlükəli olsa da, hər vəchlə ziyarətgahı anti-təbliğatçıların “hücumu”ndan xilas etməyə can atır .
Elə olur ki, həmin ərəfədə, bir qadın Təzəpir məscidinə gəlir, Nabat xanımın (Nabat Aşurbəyova məşhur Azərbaycan xeyriyyəçisi olub, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib) məzarını ziyarət edir, “Yasin” oxutdurur. Gənc şeyxə sorğu əsasında məlum olur ki, qadın Zərifə xanım Əliyevanın qohumudur və o göndərib. Bu, müqəddəs ziyarətgahı nəyin bahasına olursa-olsun qorumaq istəyən Allahşükür Paşazadə üçün əsil fürsət idi ki, Heydər Əliyevə müraciət məktubu ünvanlasın. Qadın razılaşır, onun xahişini yerinə yetirir. Məktub Zərifə xanım vasitəsilə Heydər Əliyevə çatır. Və hər işdə xilaskarımız olan dahi şəxsiyyətin bu işə ciddi müdaxiləsi hesabına “İmamzadə” məscidi nəinki düçar olduğu “bəla”dan qurtulur, hətta SSRİ ərazisində ziyarətgah kimi dövlət qeydiyyatına alınır...
Şeyxülislam həmişə vurğulayır ki, baxmayaraq, mən Lənkəranda doğulmuşam, amma özümü əsil masallılı kimi hiss edirəm. Çünki mən ilk dini savadımı burada almışam, bu rayonun insanları, din adamları ilə sıx təmasda olmuşam. Bizlər də şeyximizin bu hörmət-ehtiramını saxlamağa, qorumağa çalışır, hər dəfə Masallıya gələndə onu əziz-xələfimiz kimi qarşılayırıq. Şeyximiz bütün ölkənin ruhaniləri kimi, bizim bölgənin də din xadimlərini həmişə yüksək dəyərləndirir, diqqət və qayğısını ruhanilərimizdən əksiltmir. O nəinki özünü yüksək, mötəbər vəzifə sahibi, ilahiyyat alimi kimi aparır, əksinə, özünü bizə yaxın dost, qardaş sanır. İllər boyu biz onu bax belə, böyük şəxsiyyət, humanist insan kimi tanımışıq. Şeyx həzrətləri hər yerdə Quran, ilahiyyat, islamiyyat müəllimlərinin – masallılı Rəfi Həsənov (“Günah olar deyəm ki, mən Mirzə Rəfidən yanlız ərəb və fars dillərini öyrənmişəm. Əslində mən ondan çox şeyi əxz edib, öyrənmişəm – məntiqdən, psxiologiyadan, fəlsəfədən tutumuş, ilahiyyat elmlərindək...” Şeyxülislam Hacı Allahşükür Paşazadə), Şeyx Qüdrətin, Molla İzzətin, Molla Museyibin... adlarını xüsusi hörmətlə çəkir.
Qafqaz müsəlmanlarının on ikinci Şeyxülislamı Hacı Allahşükür Paşazadə bizlərə örnəkdir: istər dövlət- din münasibətlərinin tənzimlənməsində, istərsə də həyati fəaliyyətimizdə.
Bu müqəddəs günlərdə, duaların qəbul olunduğu Ramazan ayında müstəqil Azərbaycanımızın banisi ulu öndər Heydər Əliyevə Allah-Təaladan rəhmət, bu gün dövlətçiliyimizin möhkəmləməsi, xalqın rifahı və əmin-amanlığı naminə əzmlə çalışan ölkə Prezidenti cənab İlham Əliyevə uğurlar, şeyx həzrətlərinə uzun ömür, cansağlığı diləyirəm.

Müsahibəni aldı:
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
 

 
 
 шаблоны для dle 11.2
Вернуться назад