Главная > Mədəniyyət > Aqarunovun heykəlini hazırlayan masallılı...

Aqarunovun heykəlini hazırlayan masallılı...


5-09-2019, 11:37. Разместил: yeni321

Milli Qəhrəman Aqarunovun şərəfinə abidə ucaldılıb

Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə abidə ucaldılıb.
A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.
A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.
Milli qəhrəmanın adını daşıyan küçədə ucaldılan heykəlin müəllifləri Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri Rahib Qarayev və Zamik Rzayevdir. Layihənin icrası Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən akademiyanın müəllimlərinə həvalə edilib. Heykəlin kompozisiyası və ideyası Ö.Eldarova, eskiz ideyası isə R.Qarayev və Z.Rzayevə aiddir. Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib. Heykəlin əsas hissəsi tuncdan tökülüb, postamenti isə beton və bürüncdən hazırlanıb.
Heykəl Albert Aqarunovun komandiri olmuş Hacı Əzimovun istəyi ilə hazırlanıb. Milli Qəhrəmanın heykəlinin hazırlanmasına 5 ay vaxt sərf olunub. Heykəlin hazırlanması üçün 40 min manat pul ayrılıb və bu məbləğ materialların alınmasına xərclənib. Müəlliflər isə zəhmət haqqı almadan təmənnasız işləyiblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimi Rahib Arif oğlu Qarayev 1986-cı il aprelin 8-də Masallı rayonunun Qasımlı kəndində anadan olub. Təhsilə 1993-cü ildə, Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində başlayıb. 2004-cü ildə Masallı rayonunun Yeddioymaq kənd T.M.Bayraməlibəyov adına orta məktəbini bitirib.O, 2000-2008-ci illərdə Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltəraşlıq dərsləri alıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə, 4 il sonra isə magistraturaya qəbul olub. 2009-cu ildə "Bir millət, iki dövlət" , "Amerika mənim gözümlə ", 2011-ci ildə Türkiyədə Memar Sinan universtetində keçirilən simpoziumda fəal iştirak edib, 2014-cü ildə "Lermontov", "Əsrin müqaviləsi ", həmin ildə keçirilən velosipedçilərə həsr olunmuş sərgidə 2-ci yer mükafatçısı olub. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Həmin ildə "Xocalı", "Tolerant Azərbaycan Gənci" adlı sərgidə iştirak etdib. O, 2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin müəllifidir. Samir Kaçayevlə Rahib Qarayev dost olublar. Bundan başqa,  2017-ci ildə Masallının Təzəkənd kənd məktəbi üçün şəhid Rövşən Nəbiyevin büstünü hazırlayıb. 2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan şəhid Hakim Həsənovun heykəlinin müəllifidir.
Abidəni hazırlayanlardan heykəltaraş Zamik Rzayev isə 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1996-cı ildə Bakıda 51 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2005-ci ildə 9 illik təhsilini tamamlayıb. 2006-cı ildə isə Əzim Əzimzadə adına Rəssamlıq kollecinin heykəltəraşlıq fakültəsinə qəbul olub. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil almağa başlayıb. 2015-ci ildə isə magistr təhsilinə başlayıb.  O da Rahib kimi Rəssamlıq Akademiyasının məzunu olub, hazırda isə Heykəltəraşlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi.
Abidənin açılışı oktyabr ayında olacaq.


 
“Yeni həyat”,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад