Главная > Mədəniyyət > Bu gün Milli Musiqi Günüdür
Bu gün Milli Musiqi Günüdür18-09-2019, 09:34. Разместил: yeni321 |
Bu gün Üzeyir Hacıbəyovun anadan olmasının 134-cü ildönümüdür Bu gün dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildə ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəyovun 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı fərman imzalayıb və elə həmin ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir. Qeyd edək ki, 1885-ci il sentyabrın 18-də anadan olan Üzeyir Hacıbəyov Şərqdə ilk operanın əsasını qoyan və musiqili komediya janrını yaradan şəxsiyyətdir. O, 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənin, xalq mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyib, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirib. Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb. Üzeyir Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Dahi bəstəkarın Azərbaycan mədəniyyətinə bəxş etdiyi musiqi incilərindən biri də bəstələdiyi "Koroğlu" operasıdır. Ü.Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib. Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə ilə keçirilib.UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən, Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilib. “Professional Şərq musiqisinin atası” adlandırılan görkəmli bəstəkarımızın anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub. 2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda 18-28 sentyabr ərəfəsində "Üzeyir Hacıbəyli - 125" Beynəlxalq Musiqi festivalı keçirilib. Görkəmli bəstəkar Üzeyir Hacıbəyov 23 noyabr 1948-ci ildə dünyasını dəyişib. Вернуться назад |