Главная > Mədəniyyət / Təhsil > Masallıda “Cırtdan nağıllar aləmində” meqa-şousu maraqla qarşılanıb

Masallıda “Cırtdan nağıllar aləmində” meqa-şousu maraqla qarşılanıb


28-12-2019, 18:33. Разместил: yeni321
Masallıda “Cırtdan nağıllar aləmində” meqa-şousu maraqla qarşılanıb 

Masallı Olimpiya Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Cırtdan” ailəvi meqa-şousu minlərlə uşaq və onları müşayiət edən valideyn tərəfindən böyük maraqla qarşılanıb.
Meqa-şou Azərbaycanın xalq nağıllarının personajları əsasında hazırlanıb.
Şounun süjet xəttinə əsasən valideynləri Cırtdanı evdə qardaşı ilə birlikdə qoyaraq gedirlər. Bir müddət sonra Cırtdan qardaşını itirir və sonra onu axtarmağa başlayır. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılara yaddaqalan və əlvan təəssürat bəxş edir. Göydən düşən ulduzlar, səmaya pərvaz edən əlvan pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparır. Şounun sonunda Cırtdan qardaşına qovuşur və Məlikməmməd, əjdaha və Tıq-tıq xanımın köməyi ilə qara qüvvələr tərəfindən tilsimlənmiş Yeni ili geri qaytarırlar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihə balacaları nənələrindən eşitdikləri nağılların əsrlərdən bəri unudulmayan qəhrəmanları ilə bir daha yaxından tanış edir, Cırtdanın macəralarını, qara qüvvələrin pis əməllərini seyr edərək onlarda yaxşılıq, xeyirxahlıq kimi gözəl insani keyfiyyətləri dəyərləndirmək kimi humanist xarakterin formalaşmasına kömək edir.
Tədbirdən əvvəl meqa-şounun rejissoru İlham Qasımov jurnalistlərə müsahibəsində dedi ki, Cırtdan nağıllar aləminin premyerası uğurla keçdi. Leyla xanım Əliyevanın təklifi ilə şounun bütün Azərbaycanda göstərilməsi qərara alındı. Bu məqsədlə biz 20 nəfərlik qrupla işə başladıq və Azərbaycanın şəhərlərini gəzməyi qərara aldıq. Bu gün isə Masallıdayıq. Ümidvaram ki, şou burada da çox möhtəşəm keçəcək.
Layihənin əsas məqsədi ondan ibarətdir ki, uşaqlarımız öz sevimli nağıllar dünyamızdan, onların personajlarından məlumatlı olsunlar.
Bir gündə üç seansda təqdim olunan meqa-şouda onlarca aktyor, o cümlədən İlqar İbrahimov (Cırtdan), Nuranə Hüseynova (Tıq-tıq xanım), Cümşüd Zeynalov (Div), Şamil İbrahimli (Məlikməmməd), Firuzə Balayeva (İfritə), Ramil Məmmədov (İfrit) və başqaları çıxış edib. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılarda gözəl hisslər yaradıb.
Şou uşaqlarla yanaşı, böyüklərdə də sevinc dolu anlar yaşadıb.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад