Главная > Mədəniyyət > İstedadlı yazar, vətənpərvər ziyalı

İstedadlı yazar, vətənpərvər ziyalı


2-09-2020, 22:22. Разместил: yeni321
AKİF AĞAYEV – 50

İSTEDADLI YAZAR, VƏTƏNPƏRVƏR ZİYALI

  Qəzetimizin vaxtında, maraqlı, oxunaqlı çıxmasında böyük əməyi olan həmkarımız Akif Ağayevin 50 yaşı tamamdır. Bu ömrün yeddi ilini bizimlə bir addımlayan cəsarətli yazar daim öyrənməyə, ensiklopedik yaddaşını zənginləşdirməyə, qəzetçiliyin incəliklərinə varmağa, janrların rəngarəngliyini artırmağa çalışır. Həmkarımız bu istedadını hələ məktəb illərində, gəncliyində göstərə bilmişdir. Ötən əsrin 80-ci illərində “Çağırış” (“Yeni həyat”) qəzetində yazıları vaxtaşırı olaraq dərc edilib. Onun yazdığı şeir, qəzəllər, bədii ricətlər, lətifələr daim qəzet səhifələrində və almanaxlarda çap olunub. Odur ki, elə ilk gündən qəzetimizdə də sözünü deyə bildi. Daim yaradıcılıq axtarışındadır. Qələmini dünya şöhrətli pəhləvanın həyatını, ömür yolunu işıqlandırmaqda sınadı.
Jurnalist-publisist Akif Ağayev idman tariximizdə şərəfli iz buraxmış, Masallı Yunan-roma güləş məktəbinin yaradıcısı, SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim, mərhum pəhləvan Nadir Ağayevin mənalı həyat və fəaliyyətindən bəhs edən “ Pəhləvanın salnaməsi “ (Bakı-2014, 452 səh.) adlı kitabının müəllifidir. Akif Ağaev böyük zəhmətə qatlaşaraq, monumental bir əsər yaratmışdır. Gözəl tərtibata malik yarım əsrin yaddaqalan hər saatını, gününü fotoobyektin yaddaşında ehtiva edən şəkillərlə, xatirə və şeirlərlə, eləcə də güləş haqqında və digər xronoloji məlumatlarla zəngin kitab geniş oxucu kütləsinin marağını tam təmin edir.
Jurnalist Akif Ağayev rayonun ictimai-siyasi, iqtisadi həyatında fəallıq göstərir. O, 2014-cü ildən 71 saylı Masallı Kənd Seçki Dairəsi 38 saylı məntəqə seçki komissiyasının sədridir. Rayonda özünü əsil ziyalı kimi göstərə bildiyindən bu qurumun üzvüdür.
Jurnalistlik fəaliyyəti dövründə aldığı Fəxri fərmanlar onlarcadır. Milli Mətbuatımızın 145 illik yubileyi münasibətilə Masallı Rayon İcra Hakimiyyəti başçısının təltif etdiyi Fəxri fərmanı fəaliyyətinə, zəhmətinə verilən ən qiymətlisidir. Çünki Akif Ağayev yazılı və elektron mətbuatda rayonumuzu təmsil və təbliğ edən operativ jurnalistlərdəndir. O, rayonda, bəzi sayt və telekanallarda görünən, baş verən neqativ hallara da biganə qalmır, replikaları ilə belə ziddiyyətli olay və görüntüləri qələminin gücünə tabe edir, obyektiv, orijinal fikirləri ilə oxucuların rəğbətini qazanır.
“Yeni həyat” qəzetinin baş ədəbi işçisi, “Yenihəyat.az” internet saytının idarəedicisi Akif Ağayev Azərbaycan Jurnalistlər Birliyinin Diplomu ilə təltif edilib. O, bu mükafata respublika və region mətbuatında Masallı rayonunun ictimai-siyasi həyatından bəhs edən yazılarına görə layiq görülüb. AJB-nin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev yorulmadan çalışan yazar, KİV-də tanınan fəal müxbirlərdəndir.
Uzun illərin yaradıcısı kimi bildirirəm ki, mətbuatda publisistik yazıları ilə çıxış edən A.Ağayevin potensialı böyükdür. O da təcrübəli həmkarları kimi qəzetçilik ənənəsinə sadiqliyini kollektivimizə qoşulduğu gündən əməli fəaliyyəti, kəsərli yazıları, qazandığı oxucu rəğbəti və digər müsbət xüsusiyyətlərilə sübut etməyə çalışır. İctimai-siyasi, ədəbi və digər mövzulu yazıları ilə yanaşı rayonun idman tarixini, Masallıda keçirilən kütləvi idman yarışlarını “Yeni həyat” qəzetində və saytlarda, eləcə də digər nəşrlərdə işıqlandıran istedadlı jurnalist Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının “2017-ci ilin idman yazarı” media mükafatına layiq görülüb.
Vətənpərvərlik mövzusundakı məqalələri də daha çox diqqət cəlb edir. Şəhid analarının, əmək və müharibə veteranlarının görüşünə gedir, qəhrəmanlar tarixini gənc nəslə çatdırmağa çalışır. Xüsusilə qəzetimizin tarixini, keçdiyi möhtəşəm yolu, keçmiş redaktorlarının, əməkdaşlarının fəaliyyətini öyrənmək üçün axtarışlar edir.
Həmkarımız Akif Vaqifoğlunu 50 illik yubileyi münasibəti ilə təbrik edir, qələmin iti olsin deyirik, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
                                                                                                                
 Həsənağa ƏLİYEV,
 “Yeni həyat” qəzetinin məsul katibi.шаблоны для dle 11.2
Вернуться назад