Главная > Mədəniyyət > Azərbaycanda Qurban bayramının qeyd edilməsi
Azərbaycanda Qurban bayramının qeyd edilməsi12-07-2021, 17:50. Разместил: yeni321 |
Azərbaycanda Qurban bayramının qeyd edilməsi Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. Hicrinin ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil! Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməkdədir. Fond qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. O zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylayır. Bu il də ildə fond xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirir. GYF–nun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir. Fondun mərkəzində də qurban paylarının bir qismi əvvəlcədən müəyyənləşdirilən kasıb ailələrə paylanacaq. Qeyd edək ki, GYF bu paylama işini Azərbaycan Respublikasi Nazirlər Kabineti, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi İcra hakimiyyətlərindən bir nümayəndə ilə birgə həyata keçirir. Əvvəlcədən verilən talonlar ehtiyac sahiblərinə təqdim edilir və qurban bayramı günü də ətlər paylanılır. Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olmuşdur. Gəncliyə Yardım Fondu bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir. Rufullayev Ülvi Bəhrəm oğlu - Binə Xocavar kənd tam orta məktəbin direktoru Вернуться назад |