Главная > Mədəniyyət > Masallıda “Şuşa qartalı” ədəbi-bədii kompozisiyası nümayiş edilib
Masallıda “Şuşa qartalı” ədəbi-bədii kompozisiyası nümayiş edilib8-12-2021, 18:04. Разместил: yeni321 |
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ramiz Cəfərovun xatirəsinə ithaf olunan ədəbi-bədii kompozisiya Masallı Mədəniyyət Mərkəzində, 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Sübhan oğlu Cəfərovun xatirəsinə yazıçı-publisist Nurəddin Ədiloğlunun ithaf etdiyi "Şuşa qartalı" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Teatr kompozisiyası Masallı Xalq Teatrının yaradıcı qrupu və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə zəhmətilə ərsəyə gəlib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Bakıdan və Sumqayıt şəhərindən gələn qonaqlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yeniheyet.az xəbər verir ki, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova ömür-gün yoldaşı ilə bağlı xatirələrindən, Vətənə xidmətindən danışıb. O, çıxışını belə yekunlaşdırıb: «Vətən sağ olsun. Qarabağ Azərbaycandır!» Tamaşadan sonra Masallı RİH başçısı Şahin Məmmədov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və digər rayon rəsmiləri şəhid valideynləri, onların övladları ilə görüşmüşlər. Şəhidin ailə üzvləri ölkə başçısına və rayon rəhbərinə minnətdarlıq ifadə ediblər. Məlumat üçün bildirək ki, Ramiz Cəfərov 10 dekabr 1974-cü ildə Ukraynanın Makeyevka şəhərində (Donetsk vilayəti) anadan olub. Əslən Masallı rayonunun Şərəfə kəndindəndir. 1981-1985-ci illərdə Sumqayıt şəhərindəki 17 nömrəli və 1985-1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəblərində, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski Hərbi Liseydə təhsil alıb. 1992-1996-cı illərdə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi. Ramiz Cəfərov 2004-cü ildə martın 1-dən martın 20-nə qədər Birləşmiş ştatlarda baş tutan NATO-nun "Əməliyyat heyəti zabitləri" kursunda olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Ramiz Cəfərov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Ramiz Cəfərov noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub. İkinci Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi, Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qalıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən «Cəbrayılın azad olunmasına görə», «Şuşanın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib. www.yeniheyet.az Вернуться назад |