Главная > Mədəniyyət > Çində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Çində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb


19-12-2017, 23:25. Разместил: yeni321
Çində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb


Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb. Böyük infrastruktura malik Xudzou Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması üçün geniş məkan ayrılıb.
Azərbaycan Dövlət Universitetindən (ADU) bildiriblər ki, mərkəzdə ölkəmizin tarixini, coğrafiyasını, etnoqrafiyasını, ədəbiyyatını, mədəniyyətini, dövlət atributlarını, dövlətçilik tarixini, hazırda dünya birliyində tutduğu mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini özündə əks etdirən kitablar, görkəmli rəssamlarımızın rəsmlərindən ibarət toplular, xalq və bəstəkar musiqiləri toplanan albomlar yerləşdirilib.
Universitetin prezidenti, professor Zhang Liqin rəhbərlik etdiyi ali məktəbdə bu cür mərkəzin açılmasının Çin-Azərbaycan münasibətlərinin müxtəlif müstəvilərdə daha dərin inkişafına səbəb olacağına əminliyini bildirib. Mərkəzin açılışında iştirak etmək üçün Çinə səfər edən ADU-nun nümayəndələri Xudzou Universitetinin prezidentinə göstərdiyi diqqətə və Azərbaycana olan sevgisinə görə minnətdarlıqlarını bildiriblər.
Mərkəz Azərbaycanın Çində tanıdılması üçün müxtəlif “dəyirmi masa”, təqdimat, tədbir, konfranslar keçirəcək, “Azərbaycan multikulturalizmi” fənnini Xudzou və ölkənin digər universitetlərində tədris edəcək. Mərkəzin rəhbəri ADU tərəfindən təyin olunacaq. Artıq Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ADU tərəfindən 2018-ci ilin mayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda keçiriləcək beynəlxalq konfransın Çinin Xudzou Universitetində təşkil olunacaq bölməsinin hazırlıqlarına başlayıb.
Qeyd edək ki, ADU-da hazırda 14 ölkənin dilini, mədəniyyətini, tarixini, dövlətçiliyini öyrənən xarici mərkəz fəaliyyət göstərir. ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetdə fəaliyyət göstərən mərkəzlərə alternativ olaraq həmin ölkələrin nüfuzlu ali məktəblərində Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılmağa başlayıb. Bu istiqamətdə bütün hazırlıq işlərini öz üzərinə götürən ADU xalqımızın, dövlətimizin zəngin tarixini, mədəniyyətini, dilini dünyada daha yaxşı tanıtmaqda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətə dəstək olmaq məqsədilə beş xarici ölkənin universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzlərini istifadəyə verəcək.

шаблоны для dle 11.2
Вернуться назад