Главная > Mədəniyyət / Maraqlı > “Yeni həyat” – 90

“Yeni həyat” – 90


14-03-2022, 14:50. Разместил: admin44
Baş redaktordan
Doxsan yaşın müdrik görüntüsü
 
Oxucuların xahişi ilə

Masallı rayonunun yaradılmasından iki il sonra nəşrə başlayan “Yeni həyat” qəzeti doxsan il Masallı ilə yol-yoldaşlığı etmiş, onun yaşadığı günlərin, səsinin, ününün sədasına dönmüş, rayonun “qəlbindən gəlib-keçən arzuları” ilk baxışdan “oxumuş”, olayları, baş verənləri, üzləşdiyi hadisələri tərənnüm etmiş, yaşam tərzini, dirçəlişini, uğurlarını maddi-mənəvi dəyərlərini sözə, fikrə çevirmiş, səhifələrində vermişdir.

Rayonun iqtisadi, ictimai-siyasi, mədəni həyatında xüsusi yeri olan bugünkü “Yeni həyat” yarandığı andan Masallının inkişafı, şöhrətlənməsi, tarixinin öyrənilməsi yolunda önəmli funksiya daşımışdır. Odur ki, qəzet daim dövlət orqanlarının, rayon sakinlərinin, idarə və müəssisələrin diqqət və qayğısı ilə əhatə olunmuşdur.
“Yeni həyat”ın 90 illiyi münasibətilə əməkdaşlarımız onun tarixini, keçdiyi möhtəşəm yolunu, redaktorlarını, əməkdaşlarını, kənar müəlliflərini, fəaliyyətini öyrənmək üçün axtarışlar edir, yaşlı nəslin nümayəndələri ilə görüşür, onların xatirələrini gələcək nəslə çatdırmağa çalışırlar.

“Yeni həyat”ın   arxivindəki bir foto-albom nəzərimizi cəlb etdi. Şübhəsiz ki, bu albom oxucularımız üçün də maraqlı olacaq.
Masallı Rayon İcraiyyə Komitəsində hazırlanmış albomda yazılıb:
“RİK yanındakı ilk partiya, komsomol və həmkarlar təşkilatının orqanı olan  “Sovet yolu” divar qəzeti üzvləri tərəfindən “Yeni həyat” qəzetinin 25 illik yubileyi münasibətilə kiçik hədiyyə verilir”. Albom mətbuatın məram və məqsədinə açıqlama verən Leninin “Qəzet yalnız kollektiv təbliğatçı və kollektiv təşviqatçı deyil, habelə kollektiv təşkilatçıdır” sözləri ilə başlanır. Doğurdan da “Yeni həyat” doğulduğu gündən rayonda özünün təbliğatçılıq, təşviqatçılıq və təşkilatçılıq funksiyasına sadiq qalmış, bu vəzifəni şərəflə həyata keçirmişdir.
Sonrakı səhifədə isə Stalinin mətbuatın qarşısında qoyduğu tələb lər qeyd olunub:

“ Mətbuat gündən-günə deyil, saatdan –saata artmalıdır. O, partiyamızın ən kəskin və ən güvvətli silahıdır ” .
“Yeni həyat” mətbuatın qarşısında qoyulan bu vəzifənin də öhdəsindən laiqincə gəlmişdir. Qəzet rayonun ictimai-siyasi, təsərrüfat, təhsil, səhiyyə, mədəniyyət, sənaye sah ə lərinin inkişafını n , xalqın rifah halının yaxşılaşdırılması üçün daim mübarizə aparmış, rayon zəhmətkeşlərinin gücünü, ovqatını bu məsələlərin həyata keçirilməsinə səfərbər etməyə çalışmışdır. “Sovet Yolu” divar qəzetinin “Yeni Həyat” ın 25 illiyinə yazdığı təbrikdə də onun kollektiv təşkilatçılığı,  cəmiyyətdəki artdığı nüfu z u geniş qeyd edilmişdir.
“Yeni həyat”  müharibədən sonrakı bərpa illərində ətrafına xeyli fəhlə-kəndli muxbiri yığmışdır. Təsadüfi deyil ki, 1957-ci ilin yanvarında keçirilmiş Azərbaycan fəhlə- kəndli muxbirlərinin IV qurultayında rayonumuzu Nemət Nemətov və Səfər Şərifov təmsil etmişlər.
Bu gün Masallıda yaranmış qəzetçilik ənənəsi həmin illərdən qaynaqlanmışdır.

Albomda o vaxtlar qəzeti araya-ərsəyə gətirənlərin şəkilləri və vəzifələri göstərilmişdir. 1957- ci ildə “ Yeni həyat”a təcrübəli və tələbkar Nemət Nemətov redaktorluq etmişdir. Məhsul katib Münəvvər Əhmədova olmuşdur:
Mətbəə işi baş mürəttib Şaban Şirəliyev və çapçı Cəvahir Axundovanın üzərinə düşüb. Bu cəfakeş insanlar qəzetin vaxtında çap olunması üçün avadanlıqların sazlığın daim diqqətdə saxlayırdı.
Qəzetin nüfuzu artdıqca ətrafına daha çox fəal müxbir toplaşırdı. Albomun fəal müxbirlər səhifəsində F.Baxışova,n R.Tağıyev, A.Xəlilov, C.Rəsulov, M.Haciyevanın şəkli verilmişdir.

Albomda rayonda qabaqcıl kolxoz sədrləri Qəni Əmiraslanov, Cəbrayıl Məmmədov, Sami Kəlbiyev, Sosialist Əməyi Qəhrəmanları Mican Rzayev, Durna Əbilova, Heydər Əzizov, 1920-ci ildən Kommunist Partiyasına daxil olan Nüsrət Məmmədov və İmran Abbasov, “Sovet yolu” divar qəzetinin redaktoru Səfər Şərifov, tütünçülük manqabaşçıları Z.Məmmədova, Z.Abdullayeva, Ə.Məmmədova, traktor briqadirləri M.Babayev, S.Məmmədov, A.Olxov, yerli sənaye işçilərindən Ə.Məhərrəmov, Ə.Yaqubov, İ.Zeynalov, R. Abdullayevanın şəkillərinin verilməsi təsadüfi deyil. Onlar rayonun tərəqqisi üçün böyük əmək sərf edən, xalq malını göz bəbəyi kimi qoruyan adamlar olub. Masallının ictimai-siyasi həyatında iz qoyublar.

Qəzetdə dərc olunan müəllimlərin, briqadirlərin, qabaqcıl istehsalat işçilərinin şəkilləri də albomda yer alıb. Əllinci illərdə fəaliyyətə başlayan MTS (maşın-traktor stansiyası) rayonda kənd təsərrüfatının dirçəlməsində böyük əhəmiyyət kəsb edib. Buraya gətirilən texnikanın ilbəil artması kolxozçuları ağır əməkdən xilas edir, məhsul bolluğu üçün stimul yaradırdı. Bura şəkillərin birində mexanizatorlar  kombaynı biçinə hazırlayırlar.

Qəzet rayonda həmişə hadisələri qabaqlayır, tövsiyələr verir, geridə qalmış kollektivləri ruhlandırır.
Albomda “Yeni həyat” haqqında bəzi məlumatlar da qeyd edilib ki, bunlar oxucularımız üçün də maraqlı olar: “Qəzetin bir illik yubileyi 1933-cü, 15 illiyi isə 1947-ci ildə təntənə ilə keçirilmişdir. Birinci il qəzet bir neçə tirajla həftədə bir dəfə çıxırdı. İndi qəzetin tirajı 2500-ə çatıb, həftədə 2 dəfə çıxır.

“Yeni həyat”ın 1932-ci ildə bir neçə müxbiri var idi. İndi isə onların sayı 100- nəfərdən çoxdur. Qəzet özünün bütün fəaliyyətində müxbirlərə, habelə geniş oxucu kütləsinə arxalanır...”

Bugünkü “Yeni həyat” da təkcə əməkdaşlarına deyil, ştatdankənar yazarlarına, geniş oxucu kütləsinə arxalanır. Odur ki, rəngarəng yazıları, gözəl tərtibatı ilə oxucuların rəğbətini qazanmış, ölkədə  rayon qəzetlərinə nümunə göstərilir.
Albom “Yeni həyat” qəzetinin yaşıdı Yenihəyat müəllim haqqında məlumatla yekunlaşır: “Şəkildə gördüyünüz bu gənc “Yeni həyat” qəzeti ilə yaşıddır. O, 25 il əvvəl Ərkivanda anadan olmuş, indi ali təhsilli müəllimdir. “Yeni həyat” qəzetinə və onun adaşına, yaşıdına-Yenihəyat müəllimə yeni həyatda yeni müvəffəqiyyətlər arzu edirik”.

“Yeni həyat” illəri, qərinələri arxada qoyub 90 yaşına çatmış nüfuzlu, müdrik bir mətbu orqanıdır. Həmişə olduğu kimi bu gün də rayonun inkişafı, quruculuğu, ictimai-siyasi tədbirlərinin önündədir. Təbliğatçılıq, təşviqatçılıq, təşkilatçılıq ənənəsini uğurla davam etdirir.

90 yaşın mübarək, «Yeni həyat»!
Bayramınız mübarək, əziz oxucular!


















"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад