Главная > Mədəniyyət > Səsi yaddaşlarda, xatirəsi ürəklərdə yaşayır...
Səsi yaddaşlarda, xatirəsi ürəklərdə yaşayır...25-12-2017, 14:58. Разместил: yeni321 |
Səsi yaddaşlarda, xatirəsi ürəklərdə yaşayır... Bu gün milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Ağaxan Abdullayevin vəfatından bir il ötür. Bu münasibətlə görkəmli muğam ifaçısının dəfn olunduğu Xəzər rayonunun Türkan qəsəbəsində böyük sənətkarın xatirəsi anılıb. Mərasimdə mərhum xanəndənin yaxınları, doğmaları, dostları, tanınmış incəsənət və mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Xalq Artistinin məzari üzərində yeni ucaldılmış büstü önünə əklil qoyulub, tər çiçəklər düzülüb. Anım mərasimində çıxış edən Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımov, xanəndənin dostu Adil Nağıyev, filologiya elmləri doktoru Vüqar Əhməd və başqaları görkəmli sənətkarın ifaçılıq məharətindən, muğamların təbliği, tanıdılması və inkişafı naminə gördüyü fədakar işlərdən danışıblar. Bildirilib ki, Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəstxəti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus bir yol açıb. A.Abdullayevin klassik xanəndələrin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi. Qeyd edilib ki, 1950-ci ildə Bakıda dünyaya göz açan sənətkar A.Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edib. Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsində mədəniyyətimizi layiqincə təbliğ edib. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük zövqlə, əsl ustalıqla səsləndirib. O, nə oxuyubsa, ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb. Anım mərasiminə çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin mədəniyyət, incəsənət xadimlərinə diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şərq xalqları içərisində muğamlarımızın özünəməxsus yer tutduğunu söyləyən natiqlər ölkəmizdə muğam ifaçılığına böyük əhəmiyyətin verilməsini, bütövlükdə, Azərbaycanın öz muğamına sahib çıxması kimi dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, milli tariximizdə dərin köklərə malik olan muğam sənətimizin inkişafı və təbliği, qorunub saxlanması Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzedilməz xidmətləri var. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində muğamımız toyxana, kiçik konsert salonları səviyyəsindən çıxarılıb UNESCO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq statusu verilib. Azərbaycan muğam sənəti 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib. Bundan sonra muğam sənətinə diqqət və qayğı daha da artmağa başlayıb. Xüsusilə, Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən muğam sənətinin qorunması və inkişafı ilə bağlı bir sıra uğurlu layihələrin həyata keçirilməsi bu sahədə böyük canlanmaya səbəb olub. Paytaxtımızın müasir memarlıq üslubuna xüsusi yaraşıq verən Beynəlxalq Muğam Mərkəzi tikilib. Bu sahədəki uğurlardan danışarkən Azərbaycan muğam antologiyasının, Qarabağ xanəndələri albomunun hazırlanmasını, Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələrini və s. misal göstərmək olar. İndi xalqımızın milli-mənəvi sərvəti olan muğamlarımız dünyanın əksər ölkələrində səslənir və böyük maraqla qarşılanır. Bildirilib ki, görkəmli muğam ifaçılarına qayğı hər zaman Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. 2015-ci ildə Xalq Artisti Ağaxan Abdullayev Fondun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif edilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il dünyasını dəyişən Xalq Artistinin qəbirüstü abidəsi hazırlanıb. Bundan başqa, Türkan Mədəniyyət Mərkəzinə böyük sənətkarın adı verilib. Bildirilib ki, bütün bunlar Ağaxan Abvdullayev sənətinə, ümumən klassik musiqiyə verilən yüksək qiymətin daha bir ifadəsidir. Mərasimdə mərhumun sənət dostları Xalq Artisti Firuz Əliyev, Əməkdar İncəsənət Xadimi, professor Mirnazim Əsədullayev Ağaxan Abdullayev baradə xatirələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən A.Zeynallı adına Musiqi Kollecində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olub. Ağaxan Abdullayevin səsi həmişə yaddaşlarda yaşayır, çünki onu ifasında klassika, millilik, qədimilik və müasirlik bir-birinə qovuşur. O, hələ sağlığında ikən özünəməxsus ifaları ilə qədirbilən ürəklərdə özünə əbədi ünvan qazanmışdı. Mərhumun ailəsi adından çıxış edən Xoşbəxt Abdullayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə iştirakçılara minnətdarlığını bildirib. Turan Teymurov, AZƏRTAC Вернуться назад |